BAYRAQDAR MEDİA – Mayın 19-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası sədr, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun başçılığı altında növbəti iclasını keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 22-də MŞ-dən verilib.
İclasda baxılan birinci məsələ konkret cinayət işi üzrə məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin bir qrupunun “Hürriyyət” Media Qrupu ilə bağlı şikayəti olub. Hər iki tərəfin nümayəndələrinin qatıldıqları iclasda tərəflər arasında anlaşma əldə olunub. Media qrupunun rəhbəri Vüqar Məmmədli bildirib ki, narahatlıq doğurmuş məsələ ilə bağlı qarşı tərəfin mövqeyini yayımlamağa hazırdır.
İkinci məsələ Unibank-ın GununSesi.info saytı və digər saytlara qarşı şikayəti olub. Bildirilib ki, şikayət doğurmuş məqalə adı çəkilən saytda yayımlanıb və digər saytlar da həmin materialı ondan götürüblər. Sayt rəhbərliyinin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına razı olmasına dair mövqeyi əsas götürülərək, şikayətçiyə mövcud xüsusda tövsiyə mətninin ünvanlanması rəyinə gəlinib.
Müzakirə edilən növbəti müraciəti ünvanlayan tərəf də Unibank olub. Bank Banker.az saytında yayımlanmış materialdan şikayət edib. Məlumat verilib ki, narazılıq doğurmuş material bankın özünün açıqladığı rüblük məlumatlar əsasında qələmə alınıb. Saytın rəhbərliyi bununla bağlı sübutları təqdim edib. Şikayətçiyə narazılığı saytla konkret müzakirə etmək tövsiyə edilib. Qarşı tərəf buna razılığını ifadə edib.
Həmçinin Cəlilabad rayon Xanəgah kənd inzibati ərazi üzrə icra nümayəndəsi Ərəstun Ağayevin Kanal 13 internet televiziyasına qarşı şikayətinə baxılıb. Müzakirə zamanı bildirilib ki, materialın məğzini kənd sakininin narazılığının yayımlanması təşkil edib. Kanal 13 internet televiziyasına əsl həqiqətləri müəyyənləşdirmək üçün şikayətə səbəb olmuş məsələyə dair qarşı tərəfin mövqeyini yayımlamaq tövsiyə olunub.
İclasda “Manqal” MMC-nin GununSesi.info saytına qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyənləşdirib ki, şikayətin məğzi narazılıq doğurmuş materialda “Manqal” MMC-nin adının “AZ İMPORT” Şirkətlər Qrupunun tərkibinə daxil olan qurum kimi çəkilməsidir. Komissiya GununSesi.info-nun bu məsələdə yanlışlığa yol verdiyi, beləliklə “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nı pozduğu rəyinə gəlib.
İclasda müzakirəyə çıxarılmış sonuncu məsələ “Qarabağ” Futbol Klubunun Sport24.az saytından şikayəti olub. Bununla bağlı MŞ sədrinin tərəflərlə apardığı danışıq nəticəsində razılığın əldə olunması əsas götürülüb.