BAYRAQDAR MEDİA – Bu il peşəkar Azərbaycan milli teatrının yaranmasının 150, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Hər iki əlamətdar təqvim ilə əlaqədar olaraq əksər qurumlar, yaradıcı təşkilatlar kimi Azərbaycan Dövlət Kukla Teatrı da silsilə tədbirlər həyata keçirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 22-də sözügedən Teatrdan daxil olub.
Xəbərdə bildirilir ki, “Hər iki əlamətdar təqvim ilə əlaqədar olaraq əksər qurumlar, yaradıcı təşkilatlar kimi Azərbaycan Dövlət Kukla Teatrı da silsilə tədbirlər həyata keçirir. Bunlardan biri də 13-17 iyun tarixlərinə nəzərdə tutulan “Kukla teatrları həftəsi”dir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir”.
Sonra xəbərdə qeyd olunur ki, “tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “Açıq qapı” prinsipi ilə olacaq. Burada məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır. Teatr bayramında fəxri qonaqlar, ölkənin tanınmış teatr, mədəniyyət, incəsənət nümayəndələri, teatrşünaslar, sənətşünaslar, yazıçı-dramaturqlar, uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflər, sənət təhsilli müəssisələrin nümayəndələri də təmsil olunacaqlar. Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı, müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə də iştirak imkanı qazanacaqlar. Ölkədəki bütün kukla teatrlarını bir araya gətirəcək bu teatr görüşündə uzun illik fasilədən sonra ilk dəfə olaraq Naxçıvanda fəaliyyət göstərən Naxçıvan Dövlət Kukla Teatrı da iştirak edəcək”.
Bildirək ki, iyunun 13-də təntənəli açılış mərasimi ilə işinə başlayacaq tamaşa həftəsində hər gün müəyyən olunmuş qrafikə əsasən ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər. İyunun 17-də teatr bayramı sona çatacaq, iştirakçılara təşkilatçı teatr adından xatirə hədiyyələri və sertifikatlar təqdim olunacaq.