Press "Enter" to skip to content

Humanitar Kollecin tələbələri maraqlı yarışmada

Komandalar birlikdə

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecin turizm ixtisası üzrə tələbələri arasında yarış keçirilib. Yarışın məqsədi bilik və praktiki bacarıqların yoxlanılması olub. “Heydər Əliyev İli” çərçivəsində, “KVEST” (Team building) konsepsiyası əsasında Tur-08, TBT-021, TB-021, TBT-022, TBR-021, TBR-022 qrup tələbələrindən ibarət 3 ayrı komanda yarışda iştirak edib:

I. “Xəzər”
II. “İçərişəhər” (rus bölməsi)
III. “Qədim şəhər”.

Xəbəri BAYRAQDAR MEDİA-ya mayın 22-də sözügedən Kollecdən veriblər.

Yarışmanın ekspertləri Kollecin direktoru, Dos. Nərmin Qaralova, direktor müavini Kamran Məsimov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzdində Bakı Turizm Agentliyinin müdiri Əlixan Mürvətov, ADMİU Turizm kafedrasının müdiri Səyavuş Məhişov, “BAYFLIGHT” Turfirmasının icraçı direktoru Tahir Kərimov, eləcə də Kollecin Kulturologiya şöbəsinin müdiri Göyçək Mustafayeva və müəllimləri Könül Əliyeva, Yasir Hacıyev, Elmira Məmmədova olub.

“Tədbirin açılışında yarışmanın təşkilatçısı, turizm fənnini tədris edən pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Abbasova çıxış etmiş, Azərbaycanın turizmlə bağlı dövlət proqramında sahə üçün ən vacib istiqamətlərdən biri olan peşəkar kadrların hazırlanması haqqında qısa məruzə etmişdir”, – deyə xəbərdə bildirilir.

Yarış məkanından görüntü
Yarış məkanından görüntü

“Yarışma 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilib. Komandalar üçün üzərində 12 tarixi obyekt yerləşən 3 marşrut tərtib olunub. Hər komandanı 3 nəfərdən ibarət olan təlimçi-ekspertlər müşayiət etmişlər. Təlimçilərə İçərişəhərin xəritəsi, marşrut üzərində olan obyektlərin siyahısı, iştirakçılara veriləcək suallar və qiymətləndirmə vərəqi təqdim olunub. Ekspertlərin vəzifələri tələbələrin verdiyi məlumatı dinləmək, turun aparılma texnikası və təhlükəsizlik qaydalarına riayət edilməsinə diqqət yetirmək, verilən məlumatlarla əlaqəli suallara cavab almaq və onu qiymətləndirmək olub. Bundan başqa iştirakçıların yaradıcılıq qabiliyyətlərini yoxlamaq məqsədilə bəzi nöqtələrdə xüsusi tapşırıqlar verilib. Buna nümunə olaraq, xovsuz xalçanın rəsminin çəkilməsi tapşırığı xüsusi dəvət olunmuş rəssam-animatorlar tərəfindən qiymətləndirilib.” Xəbərdə belə deyilir.

Yarış məkanından görüntü
Yarış məkanından görüntü

Daha sonra bildirilir ki, “növbəti tapşırıq Bakıda Sovet dönəmində çəkilmiş filmlər haqqında məlumat verməklə “Brilyant əl” filminin çəkiliş yerində “Чёрт побери” səhnəsinin canlandırılması olub. Son olaraq marşrutun 12-ci nöqtəsində verilmiş 2 tapşırıqdan biri milli rəqslərin ifası, onların tarixi ilə bağlı suallara cavab və qiymətləndirilməsi olub. Hamını heyrətləndirən və maraq doğuran sonuncu tapşırıq çay ənənəmizlə bağlı idi. İştirakçılar çay haqqında maraqlı məlumatlar verib, təlimçilərin suallarını cavablandırıb və tapşırığın sonunda hər qrup tərəfindən düzgün texnologiyaya riayət etməklə müxtəlif növ çayların dəmlənməsi nümayiş etdirilib. İştirakçılar qoyulmuş bütün vəzifə və tapşırıqların öhdəsindən məharətlə gəlib və yarış tələbələrimizin yüksək əhval-ruhiyyəsi ilə başa çatıb. Ekspertlərin səs verməsi nəticəsində “Xəzər” komandası 1-ci , “İçərişəhər” komandası 2-ci, “Qədim şəhər” komandası 3-cü yerə layiq görülüb”.

Mission News Theme by Compete Themes.