Press "Enter" to skip to content

Bütün bunlar Berlin mitinqində bir daha bəyan edildi

Məcid Cavadi

Son yeniləmə: 22 May 2023 15:38

Məcid Cavadi: İran fars şovinizmi yüz ildən artıqdır ki, xalqımızın bütün haqlarını işğal edibdir

BAYRAQDAR MEDİA – “Mayın 20-də Almaniyanın paytaxtı Berlində “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə mitinq keçirildi. Bu, Avropada həmin şüarla keçirilən ikinci mitinq idi. Bundan öncə martın 25-də Belçikanın Brüssel şəhərində İranda yaşayan türk xalqlarının (Güney Azərbaycan, Qaşqay, Türkmən Səhra və Xorasan) aksiyası keçirilmişdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O, qeyd edib ki, Avropanın müxtəlif ölkələrində yaşayan Güney Azərbaycan türkləri, həmçinin, digər qeyri-fars xalqların nümayəndələri Berlin mitinqində iştirak ediblər: “Bu mitinq Xurdad qiyamının 17-ci ildönümünə həsr olunmuşdu. Məlumat üçün bildirim ki, 2006-cı ildə Güney Azərbaycan türklərinin çox böyük qiyamı olmuşdur. Həmin vaxt dövlətin rəsmi qəzeti olan “İran” qəzetində Güney Azərbaycan türkləri təhqir edilmiş, karikatura və məqalə dərc olunmuşdu. Bundan sonra İranda rasizmə, fars şovinizminə və irqçiliyə qarşı Xurdadda olan etiraz aksiyası İran gücləri tərəfindən vəhşicəsinə dağıdılmışdır. Biz də Berlindəki aksiyanı həmin hadisələrin 17-ci ildönümünə saldıq”.

M.Cavadi deyib ki, bununla belə Berlin aksiyasında həm də hazırda Tehran rejiminin davam edən faşist, irqçi, şovinist işğalçı siyasətinə etiraz edildi: “İran fars şovinizmi yüz ildən artıqdır ki, xalqımızın bütün haqlarını işğal edibdir. Bu siyasət hazırda da davam edir. Həmçinin, İrandakı son etirazlar zamanı yüzlərlə Güney Azərbaycan türkü ya öldürülüb, ya da ağır işgəncələrə məruz qalıb. Urmu gölü qurudulur, təbiətimiz məhv edilir, təbii sərvətlərimiz talan edilir. Bütün bunlar Berlin mitinqində bir daha bəyan edildi”.

O da vurğulanıb ki, Xurdad olaylarının 17-ci ildönümü ilə bağlı İran daxilində, Güney Azərbaycan şəhərlərində də etiraz aksiyaları keçirilib: “Qeyd edim ki, Xurdad olayları mayın 22-də olmuşdu. Ona görə də hesab edirəm ki, mayın 22-də də aksiyalar davam edəcək. Bu bir daha göstərir ki, İran adlanan ölkədə Güney Azərbaycan türkləri çox böyük bir potensiala malikdir. Digər qeyri-fars millətlərindən fərqli olaraq geniş fəaliyyətlər ortaya qoya bilir. Təşkilatlanma və etiraz aksiyaları yüksək səviyydə təşkil olunur. Bir sözlə, bunu fars rejimi də, dünya birliyi də görməli və ona görə addım atmalıdırlar. Yəni, biz İranda çoxluğuq və ona görə də çoxluq haqqımız olmalıdır. Bu çoxluq haqqının başında da bizim strateji prinsipimiz, şüarımız olan milli hökumət gəlir ki, buna nail olmaq üçün azadlıq və ədalət vacib şərtdir”.

Mission News Theme by Compete Themes.