Son yeniləmə: 22 May 2023 10:32
BAYRAQDAR MEDİA – Baş Mil-Muğan Kollektorunda lildən təmizləmə işləri həyata keçirilir.
Bunu BAYRAQDAR MEDİA-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, hazırda Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin texnikaları bir-neçə istiqamətdə bu işləri həyata keçirir: “İdarə üzrə 2022-ci ildə 223 km kollektor drenaj sistemi təmir edilib və lildən təmizlənib. Bundan Salyan rayonu üzrə 147 km, Neftçala rayon üzrə 76 km lildən təmizləmə işləri aparılıb. İdarə üzrə ötən il 1140 min metr m3 torpaq işi görülüb ki, Salyan rayonu üzrə 783 min m3 Neftçala rayonu üzrə 357 min m3 lildən təmizlənmmə işləri yerinə yetirilib. Bundan başqa 1 ədəd akveduk və 1 ədəd nasos stansiyası əsaslı təmir olunaraq istismara yararlı hala salınıb, 28 ədəd hidrotexniki qurğu cari təmir edilib”.
Məlumata əsasən, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi ötən il olduğu kimi bu il də meliorativ tədbirlərini davam etdirir: “İlin əvvəlindən bu günə kimi idarə tərəfindən 47 km Salyan rayon ərazsində, 10 km Neftçala rayonu ərazisində kollektor drenaj sistemi lildən təmizlənərək, 228 min m3torpaq işi görülüb. Bundan başqa 9 ədəd hidrotexniki qurğu cari təmir edilib istismara yararlı hala gətirilib. Hazırda texnikalar vasitəsilə plana uyğun olaraq bir-neçə istiqamətdə, o cümlədən Salyan rayonu ərazisində lildən təmizləmə işləri həyata keçirilir”
Bildirilib ki, idarə tərəfindən fermerlərin, kənd sakinlərinin əkin sahələrinin yaxınlığından keçən kollektorlarda daim lildən təmizləmə işləri həyata keçirilir: “Bunun nəticəsi olaraq fermerlər münbitləşən torpaqlarda əkin apara bilirlər. Əvvəllər şoranlaşmaya məruz qalan torpaqlarda indi müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir. Qeyd edək ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 km-dir. Bundan 22 km-i Salyan, 18 km-ə yaxını Sabirabad, 37 km-i Neftçala, 63 km-i isə Saatlı rayonunun ərazisinə düşür. Ümumiyyətlə Baş Mil Muğan Kollektorunun əsas məqsədi Mil-Qarabağ və Muğan –Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt,sel və məişət sularının Baş Mil Muğan Kollektoru vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır”.