Son yeniləmə: 22 May 2023 09:41
Çingiz Göytürk: Bu cür təhdid dolu bəyanatlarda fiziki terror aktının həyata keçirilməsindən belə bəhs edilirdi
BAYRAQDAR MEDİA – “Əhməd bəy Obalı Günaz.TV yaradıldıqdan sonra və Günaz.TV-nin fəaliyyət göstərdiyi uzun illər ərzində dəfələrlə İran İslam Cümhuriyyətinin, həmçinin bu rejimə bağlı fars şovinist dairələrin təhdidlərinə, hədə-qorxularına, şantajlarına məruz qalmışdır. Xüsusilə də İran adlanan ölkə daxilində cərəyan edən son proseslər zamanı Ə.Obalının önə çıxması və onun Güney Azərbaycan Milli Dövlətçilik Şurasının yaradılmasında göstərdiyi fəaliyyət İranın mövcud rejiminin, fars-şovinist dairələrinin diqqətindən yayınmamışdır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycandan olan milli fəal, hazırda Finlandiyada yaşayan Çingiz Göytürk bildirib.
Günaz.TV-nin qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalının və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirən Ç.Göytürk deyib ki, son vaxtlar Güney Azərbaycan Milli Dövlətçilik Şurasının yaradılmasında yaxından iştirak edən şəxslərə, xüsusilə də Ə.Obalıya qarşı açıq şəkildə təhdidlər səsləndirilirdi: “Hətta bu cür təhdid dolu bəyanatlarda fiziki terror aktının həyata keçirilməsindən belə bəhs edilirdi. Dolayısı ilə hesab edirəm ki, bu cinayətin, deyərdim ki, terror aktının gerçəkləşdirilməsi birbaşa Əhməd Obalının apardığı siyasi mübarizə və bu mübarizənin mahiyyəti ilə bağlıdır. Bu terror aktını gerçəkləşdirənlər isə Güney Azərbaycan Milli Hərəkatının inkişafından, o cümlədən bu məsələdə Ə.Obalının fəallığından narahat olan bəlli qüvvələrdir. Təbii ki, həmin qüvvələr də İran rejiminə bağlı, yaxud da onu dəstəkləyənlərdən başqa kimsə ola bilməz”.
ABŞ-də Güney Azərbaycanlı fəallara ciddi xəsarətlər yetirilib
“Dünyanın başqa yerlərində olan digər Güney Azərbaycan fəallarına qarşı da eyni terror aktı reallaşdırıla bilərmi” sualına isə Ç.Göytürk aşağıdakı cavabı verib: “Təbii ki, mümkündür. Eyni zamanda hesab edirəm ki, İran rejiminin, yaxud onun xaricdəki əlaltılarının bu cür cinayətə əl atması rejimin çarəsizliyinin göstəricisidir. Lakin bu cür cinayətlər bizləri öz yolumuzdan döndərə bilməz. Əksinə, bu hadisələr Güney Azərbaycan Milli Hərəkatının nümayəndələrinin əzmini daha da artırır”.