Güney Azərbaycan Milli Dövlletçilik Şurası: Bu terror aktını törədənlərin çirkin niyyətlərinə nail ola bilməyəcəklər
BAYRAQDAR MEDİA – “Günaz.TV-nin rəhbəri, GAMAC idarə heyətinin üzvü və beynəlxalq əlaqələr sorumlusu, Milli Dövlətçilik Şurasının üzvü sayın Əhməd bəy Obalı və oğlu Dəniz Obalı terror hücumuna məruz qalıb, ağır fiziki xəsarət almışdır”.
Güney Azərbaycan Milli Dövlətçilik Şurasının bəyanatında belə deyilir.
ABŞ-də Güney Azərbaycanlı fəallara ciddi xəsarətlər yetirilib
Xatırladaq ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz mayın 21-də ABŞ-da vəhşicəsinə döyülüb. Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.
Güney Azərbaycan Milli Dövlətçilik Şurasının bəyanatında daha sonra deyilir: “Heç şübhəsiz ki, bu terror hücumu sayın Əhməd Obalının milli mubarizəsinə mane olmaq amacıyla düzənlənmışdır. Ancaq, bu terror aktını törədənlərin çirkin niyyətlərinə nail ola bilməyəcəklərinə və sayın Ə.Obalının ən qısa zamanda milli qurtuluş savaşının sıralarına dönəcəyinə inancımız tamdır. Milli Dövlətçilik Şurası bu terror aktını şiddətlə qınayır, sayın Əhməd bəy Obalı və övladına acil şəfa diləyir və yüksək inamla bəyan edir ki, heç bir güc, basqı, saldırı, terror, zindan, işgəncə və … bizim dövlətçilik davamıza mane ola bilməyəcəkdir. Tam tərsinə, milli dövlətçilik hədəfimizə doğru daha möhkəm və sarsılmaz iradə ilə, daha güclü, tək ürək, tək yumruq olaraq qurtuluş savaşına davam etməmizə zəmin yaradacaqdır”.