Press "Enter" to skip to content

Körpə üçün ən ideal qida öz anasının südüdür

Əkbər Quliyev

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev körpə üçün ana südü ilə qidalanma, ana südünün qoruyucu funksiyası və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 19-da sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “pediatr bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir. O, uzunmüddətli südvermənin beynin inkişafını dəstəklədiyini, ürək xəstəlikləri, piylənmə, diabet, xərçəng və s. kimi xroniki xəstəliklərin yaranma riskini azaltdığını, tərkibindəki qoruyucu hüceyrələr və immunoqlobulinlərin hər zaman uşağı qoruduğunu və s. kimi faydalarından danışıb. Həmçinin ana südünün həm körpəyə, həm də anaya bir çox faydaları olduğunu deyib”.

Ə.Quliyev həmçinin ana südünün qoruyucu funksiyalarından danışıb. Qeyd edib ki, ana südü immunitetinin inkişafına, fiziki və zəka inkişafının formalaşmasına kömək edir, körpənin diş-çənə sisteminin formalaşmasında önəmli rol oynayır. Eləcə də o, ana südündəki fermentlərin antimikrobial təsir edərək körpəni qızılca, məxmərək, suçiçəyi kimi virus infeksiyalarına qarşı ilk 9 ay qoruduğunu deyib.

Mütəxəssis-ekspert doğuşdan sonra körpələrini ana südü ilə qidalandırmağı düzgün təşkil etmək yönündə gənc analara məsləhətlər də verib: “Ana südü ilə qidalanmanın ən asan və əlverişli seçim olmasına baxmayaraq, südvermə qaydalarını bilmədən uşağın tam qidalanmasını, eləcə də ananın rahatlığını və sağlamlığını təmin etmək çətindir.

Südvermənin ilk qaydası anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsi və körpənin sinəyə düzgün qoyulmasını təmin etməsidir. Həmçinin, körpənin ananın döşünə erkən bağlanmasının təmin edilməsi olduqca vacib məsələdir”.

Pediatr eləcə də kolostrum (doğuşdan sonra yaranan ilk ana südü) yeni doğulmuş körpə üçün ideal qida olduğunu, ondakı yüksək miqdarda protein, vitamin və mineralların körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək etdiyini, eyni zamanda, onların immun sisteminin qurulmasında mühüm rol oynadığını deyib.

Mission News Theme by Compete Themes.