Press "Enter" to skip to content

İraq türkmanları və Azərbaycan arasında mədəni əlaqələr – 1

Dr. Şəmsəddin KÜZƏÇİ

BAYRAQDAR MEDİA – İraqdakı diktator rejimi dövründə İraq türkmanları, xüsusilə türkman ədəbiyyatıyla bağlı nə İraqda, nə Türkiyədə, nə də başqa bir ölkədə geniş həcmdə tədqiqatların aparıldığını söyləmək mümkün deyildi. Ancaq Türkiyədə məhdud qaynaqlardan istifadə edərək bəzi tədqiqatların aparıldığını müəyyən etmişik. Bu çalışmaların 1991-ci ildən sonra aparıldığı şübhəsizdir. Çünki Səddam rejimi dövründə o ərazidən hər hansı bir məlumatı, materialı, sənədi sızdırmağın cəzası edama qədər gedirdi. 1991-ci ildə BMT tərəfindən Quzey İraqda yaradılan təhlükəsiz zona və o ərazidə qüvvədə olan qanunlar İraqın müxaliflərini bir qədər rahatlatmışdı.

Müxalif qrupların öz dillərində təhsil almağa başlaması, rabitə vasitələrindən istifadə etmələri və qonşu ölkələrə sərbəst gediş-gəlişlərindən sonra başda Türkiyə, Suriya və İran olmaqla Avropa və dünyaya İraqın 50 illik sirr pərdələrinin açıldığını görürük.

Səddam rejimi dövründə İraqda azad mətbuatın olmadığı, siyasi sayıla bilən heç bir elmi tədqiqata icazə verilmədiyi məlumdur. Ancaq başda Türkiyə olmaqla türk mədəniyyətinin mərkəzi olan və ümid bəslədiyimiz ölkələrdə də bu cür tədqiqatların çatışmazlığı düşündürücüdür.

İraq türkmanlarıyla bağlı qəzet, jurnal, kitab və digər materialların əldə olunmasının qarşısında duran maneələr, məlumat almağın çətinliyi bir qədər bağışlana bilər. Lakin Azərbaycanı bu dediklərimizdən kənarda tuturuq. Çünki SSRİ dövründə İraq ilə Azərbaycan arasında mədəni əlaqələrin müsbət bir şəkildə əsası qoyulmuşdu. Rəsul Rza, Vasim Məmmədəliyev, Qəzənfər Paşayev kimi şəxsiyyətlərin İraqa etdikləri səfərlər iki ölkə arasında mədəni və ticari əlaqələrin inkişaf etməyinə müsbət təsir göstərmişdir.

1960-cı illərdə azərbaycanlı tədqiqatçı Prof. Dr. Qəzənfər Paşayev bir şirkətdə tərcüməçi olaraq işləyib və 1962-1966, 1972-1975-ci illər arasında İraqı, türkman ərazilərini qarış-qarış gəzib. Həmin illərdə ölkənin mədəniyyətini, türkman dilini, ədəbiyyatını və folklorunu dərindən öyrənib. Nəticədə “Altı il Dəclə-Fərat sahillərində” adlı ilk əsərini yazıb. Kitab 1985-ci ildə 30 min tirajla nəşr olunub. 1987-ci ildə isə 120 min tirajla ikinci dəfə nəşr olunub və Azərbaycan xalqını dərin yuxudan oyandırıb, Azərbaycanda İraqla bağlı tədqiqatların sürətlənməsinə səbəb olub.

1960-1971-ci illər arasında Dr. Sinan Səid Bakı Dövlət Universitetində mətbuat sahəsində doktorantura təhsili alarkən bir çox mövzuda Azərbaycan ziyalılarını məlumatlandırmışdır. Onun Azərbaycanın tanınmış ifaçısı Nərminə Məmmədova ilə “Evlərinin ögü yonca” və “Qızıl üzük, yaşıl qaş” türkülərindəki duetləri yaddaşlara həkk olunmuşdur.

Sinan Səid Kərkük türkülərini bütün Azərbaycan xalqına tanıtmışdır. Bundan əlavə 1970-ci illərdə Bağdadda türk dilində yayımlanan “Yurd” qəzetinin Azərbaycan ədəbiyyatı və dili ilə bağlı məlumatlar dərc etdirməyi də böyük marağa səbəb olmuşdur.

Əbdüllətif Bəndəroğlu və Qəzənfər Paşayevin tədqiqatları bizim bu gün etdiyimiz işlərin təməlini qoymuşdur və bu işlər onların əkdikləri toxumların nəticəsidir. Bir başqa dəyərli jurnalist dostumuz, aramızdan vaxtsız ayrılan rəhmətlik Zakir Sadatlı “İraq olsun” kitabında İraq və türkmanlardan bəhs etmişdir. Bu gün onlarla azərbaycanlı jurnalist, tədqiqatçı, şair və yazıçı dostlarımız bu missiyanı bizlə birlikdə yerinə yetirir.

Davamı var…

Mission News Theme by Compete Themes.