BAYRAQDAR MEDİA – Əslən Türkmənelinin Kərkük şəhərindən (İraq) olan tanınmış şair, jurnalist, ictimai xadim Dr. Şəmsəddin Küzəçi mayın 19-dan başlayaraq BAYRAQDAR MEDİA-nın Türkməneli (İraq) təmsilçiliyini üstlənir. Bununla bağlı razılaşma baş redaktor Azər Həsrətlə Dr. Şəmsəddin Küzəçi arasında mayın 16-da qardaş Türkiyənin paytaxtı Ankarada keçirilən görüşdə əldə edilib.
Biz BAYRAQDAR MEDİA olaraq dəyərli qələm adamı və türk dünyası sevdalısı Şəmsəddin bəyin aramıza qoşulmasından məmnunluq duyur, ona bu işində uğurlar diləyirik.
Türk dünyasının başqa yerlərində olduğu kimi Azərbaycanda da yetərincə yaxşı tanınan Şəmsəddin bəyin qısa bioqrafiyasını dəyərli oxucularımıza qürurla təqdim edirik.
Dr. Şəmsəddin Küzəçi
Araşdırmaçı, yazıçı-jurnalist, şair Şəmsəddin Küzəçi 1965-ci ildə Kərkükdə doğulub. 1989-cu ildə Mosul Universitetini bitirdikdən sonra 17 il Kərkük liseylərinin birində müəllim işləyib. Kərkük televiziyasında, Bağdad türkman radiosunda gənclik və idman mövzusunda verilişlər hazırlayıb, aparıcılıq edib (1992-2005).
Yazılarını Bağdadda türkcə nəşr olunan “Yurd” qəzeti, “Qardaşlıq” və “Birlik səsi” jurnallarında dərc etdirib. 1993-cü ildə İraq rejimi tərəfindən həbs olunub. Bir müddət Tikrit həbsxanasında qaldıqdan sonra azad edilib. 1996-cı ildə siyasi səbəblərə görə İraqı tərk edərək Türkiyəyə yerləşib.
1999-cu ildə İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçiliyində mətbuat və xəbər şöbə müdiri olaraq çalışıb (1999-2003). “Kərkük” qəzetinin Türkiyə təmsilçisi, Türkməneli TV-də müxbir, aparıcı və xəbər bölməsinin rəhbəri olub (2005-2009). 2008-ci ildə Qazi Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsində radio və kino bölümündə magistr təhsilini almış və “İraq mətbuat tarixi” mövzusunda dissertasiya müdafiə edib. 2010-cu ildə Hollandiyada Qlobal Lahey Universitetində “İraq televiziyaları” mövzusunda doktorantura dissertasiyası müdafiə edib.
Türkməneli Vəqfi Mədəniyyət Mərkəzinin mədəniyyət direktoru (2009-2019) olub, media və türkman mütəxəssisi olaraq Ortadoğu Tədqiqat Mərkəzində ORSAM’da çalışıb (2019-2020). O, hazırda “Kərkük” qəzetinin baş redaktoru, Türkiyə təmsilçisi və Türkməneli Vəqfinin mətbuat müşaviridir. Rəhbərliyini etdiyi və üzvü olduğu qurumlar bunlardır:
-Azərbaycan, İraq, Türkiyə yazıçılar birliklərinin üzvü;
-Ərəb və Avrasiya yazarlar birliklərinin üzvü;
-İLESAM üzvü (Türkiyə);
-Dünya Gənc Türk Yazarlar Birliyi (Azərbaycan);
-Türkmən Ədəbiyyatçılar Birliyinin beynəlxalq koordinatoru;
-İşıq Ədəbiyyatçılar Qrupunun qurucu üzvü və rəhbəri;
-Türk Dünyası Gənc İlətişimçilər Birliyinin qurucusu və sədri;
-Kərkük Mədəniyyət Dərnəyinin qurucusu və sədri (Ankara);
-Dünya Jurnalistlər Federasiyasının qurucu üzvü (Ankara);
-İraq Türkman Jurnalistlər Cəmiyyətinin qurucusu və sədri;
-Dünya İlətişimçilər Dərnəyinin qurucususu və sədri (Ankara);
-Türkiyə Yazarlar Birliyi Ankara şöbəsi İdarə Heyətinin üzvü;
-Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü (Azərbaycan).
İraq türklərini Türkiyə, türk dünyası və Avropada beynəlxalq fəaliyyətlərində gerçəkləşən onlarla konfrans, qurultay, konqres, elmi tədbir və yığıncaqlarda təmsil edib. 350-yə yaxın beynəlxalq xidmət, təqdir, təşəkkür, fəxri fərman və mükafatlar alıb. 2006-cı ildə İraq, Azərbaycan və Türkiyə ilə əlaqədar gördüyü elmi və ədəbi işlərinə görə Azərbaycanda “VEKTOR” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Fəxri Doktor” adı verilib. O, 2022-ci ildə türk dünyası araşdırmaları üzrə Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Professoru” diplomunu alıb. Nəşr olunmuş 60-dən çox əsəri vardır. Əsərləri, azərbaycan, rus, ərəb, ingilis və türk dil və ləhcələrinə tərcümə edilib.
Dr. Şəmsəddin Küzəçinin nəşr olunmuş əsərlərindən bəziləri: “Kərkük soyqırımları”, “İraq mətbuat tarixi”, “İçimizdəki Kərkük”, “Türkməneli ədəbiyyatı”, “Kərkük şairləri”, “Təlafər şairləri”, “Solmayan papatyalar”, “Kərkük milli sənətçisi Əbdülvahid Küzəçi”, “Kərkükün milli şairi Mehmed İzzət Xəttat”, “Novruz çiçəkləri (Türk dünyası qadın şairləri)” və s.