Press "Enter" to skip to content

11 vətəndaş Suriyadan Azərbaycana repatriasiya olunub

Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – “Mayın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib”.

Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır: “Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb”.

Məlumata əsasən, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyəyə ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib: “Daha sonra Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub. Növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarımızın Azərbaycan hökuməti tərəfindən repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”.

Mission News Theme by Compete Themes.