BAYRAQDAR MEDİA – Mayın 18-də filologiya elmləri doktoru, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraflardan biri, Dos. Əmin Əfəndiyevin 90 illik yubiley yaşı tamam olub. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 19-da MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “sərgidə Ə.Əfəndiyevin tərtib etdiyi biblioqrafik göstəricilər, Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin və tarixinin ən görkəmli simalarına həsr edilmiş “Anar. Ömür yolu. Yaradıcılığı” , “İlyas Əfəndiyev”, “Qələmə sarılmış ömür – İsmayıl Qarayev”, “M.F.Axundzadə-200″, “Bəkir Nəbiyev” monoqrafiyaları, o cümlədən dövri mətbuatda çıxan elmi yazıları, “Mühafizə məqsədilə qəzetlərin mikrofilmləşdirilməsi qaydaları”, “Kitabxana fondlarının mühafizəsi və istifadəsi haqqında əsas qaydalar” və digər kitabları əksini tapıb. Bundan əlavə, sərgidə təqdim edilən alimin üç ildən çox üzərində işlədiyi “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu QƏXTMT /SMOMPK/ izahlı biblioqrafiya” əsəri Azərbaycan biblioqrafiyasında analoqu olmayan vəsaitdir. Həmçinin Ə.T.Əfəndiyevin tərtibçi-müəllifi olduğu “Azərbaycan tarixçiləri” iki cildlik biblioqrafik göstərici (2010-2011) Azərbaycan tarixşünaslıq biblioqrafiyasında dəyərli töhfədir”.
Xatırladaq ki, alim 1997 – 2002-ci illərdə MEK-in direktoru vəzifəsində çalışıb. Rəhbərlik etdiyi illər ərzində Azərbaycan kitabxanasının fəaliyyətində böyük dönüş əmələ gəlib, yeni struktur islahatları aparılaraq “Nadir nəşrlər”, “Kitabxana proseslərinin avtomatlaşdırılması”, “Elmi kütləvi informasiya” və s. kimi müasir dövrün tələblərinə cavab verən şöbələr yaradılmış və gənc mütəxəssis kadrları irəli çəkərək onlara rəhbərlik etmək məsuliyyətini həvalə edib.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.