BAYRAQDAR MEDİA – “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Viki-mən 2” layihəsinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “layihənin açılış mərasimində təşkilat nümayəndələri, ekspertlər, təlimçilər və layihəyə seçilmiş gənclər iştirak ediblər. “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları Elnur Eltürk, Ofelya Zöhrablı, MEK-in “Vikipediya” təlimçisi Səbinə Abızadə layihənin əhəmiyyətindən danışaraq, müasir dünyada “Vikipediya” virtual platformasının informasiya müharibəsində rolunu, önəmini diqqətə çatdırıblar. Həmçinin, çıxışçılar gənclər tərəfindən ünvanlanan sualları cavablandırıblar”.
Qeyd edək ki, 150-dən çox gəncin müraciət etdiyi layihədə müsahibə mərhələsini uğurla keçmiş 25 nəfər gənc iştirakı haqqı qazanıb. Bir ay davam edəcək layihədə gənclər qruplar şəklində 8 sessiyadan ibarət praktiki “Vikipediya” təlimlərində iştirak edəcəklər.