Press "Enter" to skip to content

Seçkinin tamamilə şəffaf keçdiyini müşahidə etdik

Vüqar Bayramov

Son yeniləmə: 18 May 2023 11:55

Vüqar Bayramov: Seçkinin nəticələri bir daha təsdiq etdi ki, Türkiyə vətəndaşları mövcud siyasətin davam etdirilməsində maraqlıdırlar və bu siyasətə dəstək verirlər

BAYRAQDAR MEDİA – “Əvvəla onu deyim ki, Türkiyədə olduğumuz seçki məntəqələrində seçkinin tamamilə şəffaf keçdiyini müşahidə etdik. Bu da təbiidir. Çünki bu gün praktik olaraq Türkiyədə seçkilərin şəffaf keçirilməsi ilə bağlı bir mexanizm formalaşıb və istənilən şəxsin səsverməni, hətta səslərin sayılması prosesini izləmək imkanı var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Mayın 14-də qardaş ölkədə keçirilən seçkiləri yerində müşahidə edən V.Bayramov “seçki zamanı olduğumuz məntəqələrdə seçicilərin fəallığını müşahidə etdik. Səsverməyə gələnlərin uzun növbəsini müşahidə etdik ki, bu da seçkinin əhəmiyyətindən və Türkiyə vətəndaşlarının məsələyə biganə yanaşmadığından xəbər verirdi” deyib.

Seçkinin nəticələrinə gəlincə, müsahibimiz aşağıdakıları bildirib: “Seçkinin nəticələri bir daha təsdiq etdi ki, Türkiyə vətəndaşları mövcud siyasətin davam etdirilməsində maraqlıdırlar və bu siyasətə dəstək verirlər. Bu seçki Türkiyə üçün vacib idi. Çünki bu, Türkiyənin gələcəyini müəyyənləşdirən seçki kimi xarakterizə olunurdu. Bu baxımdan seçkinin nəticələri Türkiyənin mövcud siyasətinin, həmçinin Türkiyənin regional mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək”.

Bildirilib ki, əvvəlki kabinetə daxil olan 16 kabinet üzvü artıq millət vəkili seçilib: “Bu isə ondan xəbər verir ki, Recep Tayyip Erdoğan ikinci turda qalib gələcəyi halda yeni kabinet formalaşacaq. Yeni kabinet də yeni çağırışlara və gözləntilərə uyğun fəaliyyətini quracaq. Eyni zamanda, Türkiyə parlamentində də hakim partiyanın öz müttəfiqləri ilə birlikdə üstün mövqeyə malik olması da parlamentin fəaliyyətinin stabilliyi baxımdan önəmli idi. Ona görə də bu seçki Türkiyə üçün yeni imkanlar yaratdı. Mayın 28-də keçiriləcək ikinci turdan sonra isə biz Türkiyənin həm mövqeyinin daha da möhkəmlənməsi, həm də Türkiyə iqtisadiyyatındakı dərin islahatların davam etməsini müşahidə edə biləcəyik”.

Mission News Theme by Compete Themes.