BAYRAQDAR MEDİA – Mayın 18-də Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “səhiyyə naziri Teymur Musayevin moderatorluğu ilə keçirilən videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 76-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə təşkil olunub. Öz çıxışında nazir bildirib ki, ÜSA-nın sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin görüşünün təşkil olması ənənə halını alıb. Nazir vurğulayıb ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının ictimai səhiyyədə beynəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyindən sonra ilk ÜSA olacaq. T.Musayev həmçinin 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşmasını diqqətə çatdırıb. O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü deyib”.
Nazir eləcə də bildirib ki, “Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb. ÜST pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib. Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Həmçinin, COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun növbəti Zirvə görüşü bu il martın 2-də Azərbaycanın paytaxtında əyani iştirakla uğurla keçirilib”.
Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirləri çıxışlarında qeyd ediblər ki, Azərbaycanın sədrliyi dövründə Təşkilatın beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Onlar həmçinin qlobal pandemiya böhranından sonrakı dövrdə infrastrukturun və xidmətlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar.