Press "Enter" to skip to content

“Qızıl Şah” 3-cü Milli Kulinariya Çempionatı

Yarış zamanı

Son yeniləmə: 18 May 2023 14:33

BAYRAQDAR MEDİA – Mayın 18-də “INTERFOOD 2023” Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl şah” 3-cü Milli Kulinariya Çempionatı başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, yarışma Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin dəstəyi ilə keçirilir: “İki gün ərzində Milli Kulinariya Çempionatında 100-dən çox iştirakçı “Gənc aşpaz”, “Böyük aşpaz” və “Qənnadçı aşpaz” kateqoriyaları üzrə yarışacaq. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışmanın sonunda ən yaxşı 100 iştirakçının reytinqi müəyyənləşdiriləcək.Çempionatın münsiflər heyətində İtaliya, Böyük Britaniya, Serbiya, ABŞ, Xorvatiya, Rusiya, Monteneqro və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) hakimləri təmsil olunur”.

Qeyd edilib ki, bu il “Qızıl Şah” Milli Kulinariya Çempionatı Azərbaycanda ilk dəfə olaraq rəsmi “Worldchefs” çempionatı statusu ilə keçirilir: “Bu isə Milli Kulinariya Çempionatının qaliblərinin, yarışmanın nəticələrinin və praktika keçən münsiflərin sertifikatlarının Beynəlxalq Kulinariya Cəmiyyəti tərəfindən birbaşa tanınmasına imkan yaradır. Qeyd edək ki, Milli Kulinariya Çempionatı çərçivəsində “Worldchefs”dən gələn münsiflər və iştirakçılar üçün müxtəlif mövzularda seminarlar da təşkil edilib. 2019-cu ildən keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatı azərbaycanlı kulinarlara öz peşəkarlıqlarını nümayiş etdirməyə, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə imkan yaradır”.

Mission News Theme by Compete Themes.