BAYRAQDAR MEDİA – Mayın 18-də Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də “ASAN xidmət”dən daxil olub.
Xəbərdə bildirilir ki, “açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər. Öncə Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub”.
Sonra xəbərdə, “tədbirdə məlumat verilib ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Prezidentin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb. Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, Respublika üzrə 26-cı mərkəzdir. Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb. “ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb” deyə qeyd olunur.
Mərkəz Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.
Yeni yaradılmış mərkəzdə əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur. Həmçinin mərkəzin daxilində vətəndaşların istirahəti üçün “ASAN kafe” nəzərdə tutulub, ərazisində isə 50 avtomobil üçün parklama yeri yaradılıb.