BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət ATƏT seçki müşahidə missiyasında iştirakdan imtina edib. O, bununla bağlı martın 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirdiyi mətbuat konfransında açıqlama verib.
Azər Həsrət bildirib ki, may ayının 9-dan başlayaraq qardaş Türkiyədə seçki müşahidəsinə cəlb edilib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq tərkibli missiyasının üzvü kimi dəvət edilib.
Müşahidə etdiyi durumdan da danışan Azər Həsrət deyib ki, mayın 14-də qardaş ölkədəki seçkilər tam şəffaf, qanun çərçivəsində keçsə də ATƏT müşahidə missiyası ilkin qiymətləndirmədə bu siyasi prosesi gözdən salan əsassız fikirlərə yer verib. O, məhz buna görə də ilkin qiymətləndirməyə tənqidi yanaşıb.
Öz çıxışında o, eyni zamanda bildirib ki, ATƏT onu seçkilərin ikinci turunu da müşahidə etməyə çağırıb. Azər Həsrət bu dəfə də dəvəti qəbul edib. Lakin ilkin qiymətləndirmənin 23 səhifəlik tam mətni ilə tanış olduqdan sonra missiyada iştirakdan imtina etməyə qərar verib.
“Bizim gördüklərimiz bir başqa, ilkin qiymətləndirmədə yer alanlar isə tamam başqadır. ATƏT faktiki olaraq qardaş ölkədəki demokratik və şəffaf, azad seçkiləri gözdən qərəzli şəkildə gözdən salır. Belə olan halda mən o missiyada fəaliyyətimi davam etdirə bilməzdim və ona görə də imtina qərarı vermişəm”, – deyə Azər Həsrət bildirib.
Qeyd edək ki, Azər Həsrət mətbuat konfransını Türkiyədən geri dönəndən dərhal sonra keçirib. O, bu tələskənliyi siyasi proseslərin sürəti ilə əlaqələndirib.