Press "Enter" to skip to content

ATU tələbələri TƏBİB-də işlə təmin olunublar

Son yeniləmə: 18 May 2023 11:30

BAYRAQDAR MEDİA – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Azərbaycan Tibb Universiteti (ATU) ilə birgə layihəsi olan “Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində orta tibb heyəti üzrə işə qəbulu” Proqramı üzrə görülən işlərə həsr olunan hesabat tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də TƏBİB-dən daxil olub.

Xəbərdə deyilir ki, “Yeni Klinikada baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova layihənin başlandığı gündən böyük maraqla qarşılandığını, 435 tələbənin bununla bağlı TƏBİB-ə müraciət etdiyini bildirib. O, müsahibədən uğurla keçən 132 namizədin iş mühitinə daha tez adaptasiya olmaq, bilik-bacarıqlarında səriştəliliyi artırmaq məqsədilə peşəkar mütəxəssislər tərəfindən keçilən təlimlərə cəlb olunduğunu diqqətə çatdırıb. G.Qədimova həmçinin qeyd edib ki, təlimlərdə müvəffəqiyyət qazanan 132 gəncin hər biri TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub. Departament rəhbəri karyeralarının başlanğıcında olan bu gənclərin hər birinin öz sahələri üzrə peşəkar kadr kimi yetişəcəklərinə, səhiyyənin inkişafı naminə səfərbər olacaqlarına inandığını söyləyib”.

Sonra xəbərdə qeyd olunur ki, “TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi fəaliyyətə cəlb olunmaqla səhiyyə sahəsində ilk addımlarını atmaqları, özlərini inkişaf etdirmələri, bilik və bacarıqlarını təkmilləşdirmələri istiqamətində hər zaman gənclərə yardımçı olacaqlarını vurğulayıb”.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov istənilən sahədə nəzəri bilikləri dərinləşdirmək, öz işinin peşəkarı olmaq üçün praktik vərdişlərin əhəmiyyətinin çox böyük olduğunu qeyd edərək tibb tələbələrinin işlə təminatını yüksək qiymətləndirib.

ATU-nun prorektoru Sabir Əliyev isə çıxışında tələbələrin təhsil illəri boyunca qazandıqları bilik və bacarıqları praktikada tətbiq etmək imkanını yaratdığına görə TƏBİB-ə təşəkkürünü bildirib.

Tələbələrin orta tibb işçisi kimi fəaliyyətə başlayacaqları xəstəxanalardan Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxışlarında gənclərin təhsillərini davam etdirdikləri bir dövrdə işlə təminatları və əmək mühiti ilə tanış olmalarının onların gələcək karyerasında mühüm rol oynayacağını bildiriblər.

ATU-nun tələbələri Yusuf Xəlil, Nigar Quliyeva çıxış edərək onlara bu şəraiti yaratdıqlarına görə TƏBİB-ə, ATU-ya, həmçinin layihənin ərsəyə gəlməsində iştirak edən hər kəsə dərin minnətdarlıqlarını bildirərək, Azərbaycan səhiyyəsinin inkişafına öz töhfələrini verməyə çalışacaqlarını vurğulayıblar.

Tədbirin sonunda təlimlərdə uğur qazanan tələbələr təltif olunublar.

Mission News Theme by Compete Themes.