Press "Enter" to skip to content

Əl-Fərabi Universitetində “Heydər Əliyev – 100” tədbiri

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın keçmiş paytaxtı Almatı şəhərindəki Əl-Fərabi Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq dəyirmi masa keçirilib.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya mayın 18-də Ümumdünya Türk Xalqları Assambleyasının üzvü, Türk Xalqları Mədəniyyət Fondunun direktoru Karlin Məhpirov verib.

Verilən xəbərdə bildirilir ki, Universitetin Filologiya fakültəsinin Türkologiya və dil nəzəriyyəsi kafedrasında keçirilmiş tədbirdə H.Əliyevlə bağlı geniş fikir mübadiləsi aparılıb.

“Heydər Əliyev – 100 il: Azərbaycanın ümummilli lider fenomeni” adı altında keçirilən dəyirmi masada alimlər, tarixçilər, kulturoloqlar, türkoloqlar, Azərbaycan və Özbəkistan səfirliklərinin nümayəndələri, Qazaxıstan Xalqı Assambleyasının təmsilçiləri, tələbələr və jurnalistlər iştirak edib.

Çıxışlarda qeyd edilib ki, H.Əliyev SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən öz adını bu ölkənin tarixinə bütün sahələrdə inkişafın təminatçısı kimi yazıb. Müstəqillik dönəmində o, ölkəni çox böyük təhlükələrdən mühafizə edib və sabit inkişaf yoluna daşımağı bacarıb. Məhz H.Əliyevin qətiyyəti və yorulmaz fəaliyyəti nəticəsində həmin çətin illərdə Azərbaycanda sabitlik təmin edilib.

Tədbirdə o da bildirilib ki, hazırkı Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi öz praqmatik və elastik siyasəti, sistemli yanaşma və ardıcıl islahatları ilə Azərbaycanı iqtisadi cəhətdən qüdrətli ölkəyə, dünyada yeri olan dövlətə çevirə bilib. Bu ölkə həm bölgədə, həm də dünyada öz mövqelərini inamla möhkəmləndirməyi bacarıb.

Çıxışçılar qeyd edib ki, böyük liderin ən böyük arzusu Azərbaycan torpaqlarını işğaldan qurtarıb ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etmək idi. Ümummilli lider həmişə əminliklə deyirdi ki, Azərbaycan torpaqları azad ediləcək, xalq isə öz yurdlarına – Şuşaya, Laçına və digər yerlərə qayıdacaq. Bu missiyanı ümummilli liderin varisi, Prezident, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Onun rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində qələbə çalaraq torpaqları azad etdi.

30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsi, etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması həm siyasi, həm strateji, həm də mənəvi əhəmiyyətə malikdir. Bu gün Azərbaycanın üçrəngli dövlət bayrağı böyük qələbə sonucu azad edilmiş torpaqlarda qürurla dalğalanır. Və bu torpaqlar dirçəldilir.

Çıxışlarda o da qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlir. Uğurlu xarici siyasət, prinsipial mövqe, onların ölkəyə gətirdiyi effektiv nəticələr Azərbaycanla Qazaxıstan arasındakı ikitərəfli münasibətləri də ən yüksək səviyyədə təmin edir. İki qardaş ölkə daimi şəkildə dost münasibətləri inkişaf etdirir, bir-birinin mənafelərinin təmin edilməsi, suverenliyi və ərazi bütövlüyü məsələlərinə dəstək verir.

Dəyirmi masanın sonunda iştirakçılara Universitetin sertifikatları da təqdim edilib.

Mission News Theme by Compete Themes.