Son yeniləmə: 17 May 2023 16:18
BAYRAQDAR MEDİA – Mayın 16-da Qazaxıstanın paytaxtı Astanada Türkmənistan və Qazaxıstanın 12-ci Hökumətlərarası Komissiyasının iclası keçirilib.
Kırım Haber Ajansının məlumatına görə, iclasda Türkmənistan nümayəndə heyətinə Türkmənistan Nazirlər Şurasının sədr müavini Batır Atdayev, Qazaxıstan nümayəndə heyətinə isə Qazaxıstan Baş nazirinin müavini Roman Sklyar rəhbərlik edib: “Görüş zamanı iki ölkənin nümayəndə heyətləri nəqliyyat, maliyyə, kənd və su təsərrüfatı, tikinti, mədəniyyət və turizm, təhsil və elm sahələrində əməkdaşlığı dərindən müzakirə ediblər. Neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün danışıqlara başlanılacağı da bildirilib”.
Türkmənistan və Qazaxıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən Qazaxıstan Baş nazirinin müavini qeyd edib ki, əməkdaşlığın bütün sahələrində müsbət irəliləyişlər daha da genişlənməli və dərinləşməlidir.
Türkmənistan Nazirlər Şurasının sədr müavini Batır Atdayev Qazaxıstanla Türkmənistan arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını deyib. O, Türkmənistanın Qazaxıstan iqtisadiyyatı üçün mühüm ticarət tərəfdaşı olduğunu və bu vəziyyəti daha da inkişaf etdirmək üçün birgə səy göstərəcəklərini bildirib.
Görüşdən sonra Türkmənistan və Qazaxıstan nümayəndə heyətləri arasında protokol imzalanıb.