Son yeniləmə: 17 May 2023 23:33
BAYRAQDAR MEDİA – Mayın 18-də Mədəniyyət Nazirliyinin dəstəyilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində bir sıra kütləvi tədbirlər keçiriləcək. Bunların sırasında öncə “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı nəzərdə tutulur.
Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “builki Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər, davamlılıq və rifah”dır. Bu mövzu ekologiya, sosial problemli və psixi narahatlığı olan insanların sağlam yaşamasını təmin etmək və rifahını yaxşılaşdırmaq, ekoloji sənətkarlıq və ilə bağlı muzey proqramını vurğulayır. “Qorunan təbiət” multimedia layihəsi çərçivəsində İsveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təqdim olunan İsveçli Lyudmila Kristeseva və Azərbaycanlı Günel Ravilova tərəfindən yaradılan “Dayanıqlı moda” multimedia dialoqu, Aqil Abdullayevin müəllif olduğu unikorn və idarə olunan günəş sistemləri kimi futuristik və mifoloji elementlər vasitəsilə iqlim dəyişikliyi və ətraf mühitə təsirləri tədqiq edən “Xəzər dənizinin sahilində” qısametrajlı filmi təqdim ediləcək. Bunlarla birgə tar, kamança və nağara üçlüyündən ibarət Azərbaycan etnik musiqi alətlərinin səsləri və elektron musiqi ilə harmoniya yaradaraq suyun, təbiətin gözəlliyini və gücünü əks etdirən Fərhad Fərzəliyev, İbrahim Babayev və Timur Əmirxan tərəfindən yaradılan “Əks-səda” adlı audiovizual müasir incəsənət layihəsi nümayişi olacaq”.
Tədbir çərçivəsində uşaq və yeniyetmələr üçün maarifləndirici xarakterli proqramlar da nəzərdə tutulur. Proqramda Yaponiya Keyfiyyət Təminatı Təşkilatı (JQA) və Beynəlxalq Sertifikatlaşdırma Təşkilatı Şəbəkəsinin təşkilatçılığı, UNICEF Tokyo Nümayəndəliyinin dəstəyi ilə Yaponiyada keçirilən Ətraf mühit beynəlxalq uşaq rəsm müsabiqəsinin mükafatçıları tərəfindən yaradılan animasiya vizual görüntüləri nümayiş etdiriləcək. Tanınmış animator, rejissor Denis Tomopulosun müəllifi olduğu “Yer kürəsi danışır” cizgi filmi göstəriləcək.
Qeyd edək ki, “Qorunan təbiət” multimedia layihəsinin kuratoru Könül Rəfiyevadır.