Son yeniləmə: 17 May 2023 14:09
BAYRAQDAR MEDİA – Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov toplanışın keçirildiyi hərbi hissəni ziyarət edib, çağırışçıların qayğıları ilə maraqlanıb: “Ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşən polkovnik E.Əbilov təlim toplanışının əhəmiyyətindən danışıb. Bildirilib ki, hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini unutmamalı, istənilən döyüş şəraitinə mənəvi-psixoloji hazırlıqlı olmalıdırlar”.
Görüşdə, həmçinin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.