Son yeniləmə: 17 May 2023 13:13
BAYRAQDAR MEDİA – Azərbaycanın bir çox ərazisində olduğu kimi şimal-qərb bölgəsində də son günlər hava şəraiti tez-tez dəyişir. Yağıntılı havanın artması, çaylarda suyun səviyyəsinin çoxalmasına səbəb olub.
Bunu BAYRAQDAR MEDİA-ya mayın 17-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, sel gətirən dağ çayların çoxluq təşkil etdiyi Qax rayonunda hazırda ola biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür: “Bunun üçün Qax Suvarma Sistemləri İdarəsinin texnikaları bu işlər üçün səfərbər edilib. Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı rayon ərazisindən axıb keçən digər dağ çaylarında da bu işlər yerinə yetirilir. Ətraf ərazilərin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi və təmiri də aparılır”.
Bildirilib ki, selə qarşı mübarizə tədbirləri ilə bərabər Qax Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər də uğurla davam etdirilir: “Suvarma suyunun əkin sahələrinə normal qaydada çatdırılmasını təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir. Bundan başqa su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallar beton üzlüyə alınır. Görülən işlərin nəticəsi olaraq əkin sahələrinin suvarılması ardıcıl həyata keçirilir. Fermerlər sahələrin daimi su ilə təmin edə bilirlər. Hazırda Qax rayonunda əkilən müxtəlif təyinatlı kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması normalara uyğun davam edir”.
Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr – Kürmük çayı, Qum çayı, Ləkit çayı ,Zərnə çayı, Qapıçay çayı, Duruca çayı və qaynama qara sularıdır.