Press "Enter" to skip to content

“Alim ömrünün işığında” filminin təqdimatı keçirilib

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış alim, filologiya elmləri doktoru, Prof. Cəlal Qasımovun əziz xatirəsinə həsr olunmuş “Alim ömrünün işığında” filminin təqdimatı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 17-də MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “təqdimatı açıq elan edən MEK-in baş direktoru, Prof. Məmməd Əliyev tədbir iştirakçılarını salamlayaraq AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanovu belə dəyərli layihələrin ərsəyə gəlməsi münasibətilə təbrik edib. Bildirib ki, C.Qasımovun tədqiqatlarında repressiyaşünaslıq məsələləri, repressiya qurbanları, görkəmli azərbaycanlı sənətkarların faciəli həyatları, onların ədəbi-nəzəri görüşləri hərtərəfli şəkildə təhlil edilib. Görkəmli alimin əsərlərinin oxucular üçün çox dəyərli elmi mənbə olduğunu qeyd edən baş direktor onu da diqqətə çatdırıb ki, professorun əsərləri MEK-də tez-tez müraciət olunan kitablar sırasındadır”.

Sonra xəbərdə qeyd olunur ki, “filmin nümayişindən sonra AMEA Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək C.Qasımovu təkrarsız bir şəxsiyyət adlandırıb. O, filmin məhz “Heydər Əliyev İli”ndə çəkilib göstərilməsinin çox böyük simvol olduğunu qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin silahdaşlarından olan, onun azərbaycançılıq ideyasını daşıyıb inkişaf etdirən, bu ideyaya böyük elmi əsərlər həsr edən bir alim haqqında filmin çəkilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib”.

Tədbirdə AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı Seymur Şeydayev, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Dos. Seyfəddin Altaylı, Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Prof. Tahirə Məmməd də çıxış edərək dəyərli alim, təvazökar və xeyirxah insan C.Qasımovla bağlı xatirələrini bölüşüb, ona Allahdan rəhmət diləyiblər.

Tədbirin sonunda professorun oğlu Fuad Qasımov çıxış edərək AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, filmin layihə rəhbəri, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanova, MEK-in baş direktoru, Prof. Məmməd Əliyevə, filmin ssenari müəllifi, filologiya üzrə fəlsəfə doktoru, Dos. İlhamə Qəsəbovaya, quruluşçu rejissor Mahir İbrahimova, rejissor Qasım Nağıya, operator Əlsəfdər Məmmədova, səs rejissoru İffət Əsgərova, montaj rejissoru Firdovsi A.Nəbiyevə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

Mission News Theme by Compete Themes.