Son yeniləmə: 17 May 2023 14:16
BAYRAQDAR MEDİA – Mayın 15-də AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Prof. Misir Mərdanovun Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatı keçirilib.
Tədbirdə öncə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-da görülən işlərdən, keçirilən tədbirdlərdən danışıb. O, həmçinin Ulu Öndərə həsr olunmuş həm ölkədə, həm də ölkədən kənarda müxtəlif elmi və publisistik əsərlərin çap olunduğunu deyib.
Təqdimatı keçirilən nəşri yüksək dəyərləndirən akademik kitabı M.Mərdanovun son 20 ildən çox müddətdə Heydər Əliyevə həsr etdiyi kitabların davamı olduğunu bildirib. Sözügedən kitabın Heydərəliyevşünaslığa böyük töhfə olduğunu deyən İ.Həbibbəyli, M.Mərdanovun kitabı yazanadək ciddi bir hazırlıq dövrü keçdiyini də diqqətə çatdırıb. Eləcə də o bildirib ki, bugünədək Heydər Əliyev haqqında yazılmış əsərlərdən ibarət böyük bir kitabxana yaratmaq olar.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Heydər Əliyev haqqında çox əsərlərin yazıldığını, lakin bunlar içində ən əsası onu şəxsən tanıyan, onunla bir yerdə çalışan insanların ərsəyə gətirdikləri əsərlər olduğunu bildirib. Yazıçı çıxışında Ulu Öndərin hər zaman Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə və digər sahələrə diqqətindən danışıb. O, bu kimi məsələlərin sözügedən kitabda da qeyd olunduğunu deyib.
Ulu Öndəri xalqın xilaskarı adlandıran Əməkdar elm xadimi, Prof. Qəzənfər Paşayev çıxışında bildirib ki, kitabda Heydər Əliyevin anadan olduğu gündən son gününədək onun acılı-şirinli günləri, xatirələri və s. qələmə alınıb.
Daha sonra çıxış edənlər – millət vəkili, Prof. Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimli və digərləri təqdimatı keçirilən kitabın böyük əhəmiyyətə malik olduğunu deyərək müəllifi bu münasibətlə təbrik ediblər.
Tədbirdə çıxış edən kitabın müəllifi M.Mərdanov tədbir iştirakçılarına, çıxışçılara, həmçinin KİV nümayəndələrinə təşəkkürünü ifadə edib.