Son yeniləmə: 16 May 2023 09:35
BAYRAQDAR MEDİA – Mayın 19-da Muzey Mərkəzinin sərgi salonunda Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı rəssamların sərgisi keçiriləcək. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyilə reallaşdırılacaq.
Bu haqda Xətai Sənət Mərkəzinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “dillərə dastan Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri nəinki musiqi və ədəbiyyatımızda, eləcə də təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Uzun illər bu sənətkarlar işğal altında qalan şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə çoxsaylı sənət inciləri bəxş ediblər. Sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzərə yetirmək imkanı yaratmaq məqsədilə keçiriləcək”.
Qeyd edək ki, sərginin ekspozisiyasında 30-a yaxın rəssam, heykəltaraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq nümunələri, o cümlədən ADRQ-nın fondundan seçilmiş əsərlər də nümayiş olunacaq.