Press "Enter" to skip to content

Vəfa borcunu ödəmək zamanı 

Son yeniləmə: 16 May 2023 19:20

Yaxud arzuladığımız nəticənin əldə olunması hər bir seçicidən, o cümlədən, Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarının hər birindən asılıdır

BAYRAQDAR MEDİA – Mayın 16-da qardaş Türkiyənin Azərbaycandakı səfirliyi çağırış edib. Çağırışda Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşları səsvermədə iştiraka dəvət edilib.

Bununla bağlı səfirliyin sosial media hesablarından paylaşım edilib.

Paylaşımda deyilir:“Cümhurbaşqanı seçkilərinin ikinci turu üçün səsvermə səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında keçiriləcək”.

Bu məqamda qeyd edək ki, Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarının sayı 11 min 43 nəfər olsa da, 14 may seçkilərində onlardan cəmi 6 min 650 nəfəri, yəni təxminən yarısından bir qədər çoxu öz səsvermə hüququndan istifadə edib. Bu isə Türkiyədəki seçici fəallığına heç bir halda adekvat deyil. Türkiyədə seçicilərin 88 faizdən çoxu oz səsvermə hüququndan istifadə etdiyi halda, Azərbaycanda səsvermə hüququ olan Türkiyə vətəndaşlarının hardasa 60 faizinin iştirakı heç ürəkaçıcı deyil. O vətəndaşlardan bəlli bir qisminin də Azərbaycan əsilli Türkiyə vətəndaşları olduğunu nəzərə alanda isə ümumiyyətlə seçici fəallığı ürəkaçan sayıla bilməz.

Amma düşünürük ki, hələ gec deyil. Və əminik ki, Azərbaycanda səsvermə hüququ olan Türkiyə vətəndaşları mayın 28-də keçiriləcək ikinci turda səsvermə məntəqələrində yüksək fəallıq nümayiş etdirəcəklər.

Unutmayaq ki, Türkiyənin, o cümlədən türk dünyasının gələcəyi verilən hər bir səsdən asılıdır. Həm də bu gün qalib Azərbaycanda qürurla gəzən Türkiyə vətəndaşları mayın 28-də səsvermənin ikinci turunda iştirak etməklə bu qalibiyyət qürurunu bizə yaşadanlara bir vəfa borcunu də ödəmiş olarlar.

Unutmaq olmaz ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticələrinin regionun, o cümlədən türk dünyasının iqtisadi inkişafına yönəlməsi, türk dünyasının şahlanışının qətiyyətlə davam etməsi, İslam dünyasının silkələnərək yenidən özünə gəlməsinin müsbət nəticə verməsi və digər bu kimi strateji, həyati məqamlar üçün bu seçkilərdə arzuladığımız nəticə əldə olunmalıdır. Bu nəticənin əldə olunması isə hər bir seçicidən, o cümlədən, Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarının hər birindən asılıdır.

Mission News Theme by Compete Themes.