Press "Enter" to skip to content

Kitab tanıtma: “Yonulmuş daş yolda qalmaz”

Prof. Şahlar Əsgərovun “Yonulmuş daş yolda qalmaz” (seçilmiş elm və təhsil publisistikası) kitabı

Son yeniləmə: 16 May 2023 11:27

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər arasında Prof. Şahlar Əsgərovun “Yonulmuş daş yolda qalmaz” (seçilmiş elm və təhsil publisistikası) kitabı da var.

Kitabda müəllif son 20 ildə yazılmış fəlsəfi yüklü publisistik məqalələrini, KİV-də dərc olunmuş müsahibələrini toplayıb. Nəşrdə totalitar təhsildən liberal-demokratik təhsilə keçid zamanı təhsil qanunvericiliyi, Boloniya prosesi, biliyin qiymətləndirilməsi, test və digər təhsil problemləri araşdırılan zaman doğan suallara fəlsəfi və tənqidi düşüncə ilə yazılmış məqalələr yer alır.

Müəllif kitabda deyir: “Ancaq kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə, prinsipcə parçalanma olmaz, harmoniya mövcud olar. Çünki kamil insanlar problemləri güc ilə yox, ağılla həll edərlər. Bu isə planetin qorunması deməkdir. Dünyanı silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış konseptual olaraq dəyişməlidir. Planetin mənafeyi bütün mənafelərdən üstün tutularsa, insanlar xoşbəxt yaşaya bilərlər. Bunun üçün təhsilin doktrinası, paradiqması, məzmunu adekvat olaraq elə dəyişməlidir ki, nəticədə bəşəriyyəti şəxsiyyətlər yox, kamil insanlar idarə etsinlər. Bəşəriyyətin təhlükəsizliyində təhsil əsas silahdır. Yonulmuş daş yolda qalmadığı kimi, inanıram ki, bu cür seçilmiş məqalələr də təhsil tariximiz üçün gərəklidir”.

Kitabda “Təhsil dövlət siyasətində xüsusi yer tutmalıdır”, “Müasir dövrdə təhsilin məzmununa fəlsəfi baxış”, “Hazırda təhsil sisteminə nəzarət yoxdur”, “Təhsil sahə maraqları arasında parçalanıb”, “İnsanlarımıza azadlıq verilib, ancaq məsuliyyət yox”, “Bilik nədir? Təhsil və elmin fərqi nədir?”, “Ali məktəb rektorunu kollektiv seçməlidir”, “Elm təhsilin içindən göyərir”, “TEDx söhbətləri”, “Beyin axını: Şərqdə və Qərbdə alimin durumu” və s. başlıqlar yer alır.

Qeyd edək ki, kitabın naşiri Müşfiq Xan, redaktoru Arzu Soltan, koordinatoru Cəfər Mənsimi, texniki redaktoru Esmira Kamal, korrektorları Nihat Pir, Günel Rüstəmova, üz qabığının müəllifi Anar Nəsirov, dizayn və qrafikasını hazırlayan isə Fərid İlhamdır. Həmçinin bunu da qeyd edək ki, kitabın üz qabığında istifadə edilmiş naxışların müəllifi Ş.Əsgərovdur.

Mission News Theme by Compete Themes.