Son yeniləmə: 16 May 2023 12:24
Attila Kovacs: Macarıstanda sadə xalq türk dünyası, TDT-yə daxil olan ölkələr, bu dövlətlərin mədəniyyəti və tarixi haqqında daha çox məlumat əldə etmək istəyir
BAYRAQDAR MEDİA – “Macarıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv olduqdan sonra bu qurum daxilində ofisimiz formalaşdı. Mən də o ofisdə kommunikasiya və ictimai əlaqələr üzrə təmsilçi vəzifəsini icra edirəm. Biz TDT daxilindəki ölkələrin müvafiq sahələri ilə əlaqələrin qurulması istiqamətində fəaliyyət göstəririk. Təbii ki, bu zaman da TDT-nin Baş katibliyi ilə koordinasiyalı addımlar atırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində Macarıstanın Türk Dövlətləri Təşkilatındakı nümayəndəliyinin kommunikasiya və ictimai əlaqələr üzrə təmsilçisi Attila Kovacs deyib.
Bu istiqamətdə atılan addımların daha da intensivləşməsi vacibdir
O, qeyd edib ki, ümumiyyətlə TDT daxilində ictimai əlaqələr, qarşılıqlı informasiya mübadiləsi və bu istiqamətdə atılan digər addımların daha da intensivləşməsi vacibdir: “Çünki türk dünyasının inteqrasiyasından danışırıqsa o zaman insanların məlumatlandırılması, o cümlədən hazırda dünyada bir növ qlobal təhlükə halına gələn dezinformasiyaya qarşı birgə mübarizə vacib bir məqam kimi önə çıxır. Ona görə də hesab edirəm ki, TDT daxilində sözügedən sahədə atılan addımların intensivləşməsi vacibdir”.
A.Kovacs deyib ki, 26-28 aprel tarixlərində İstanbulda keçirilən Türk Dünyası Köşə Yazarları Simpoziumunun sözügedən istiqamətdə atılan növbəti və vacib addımlardan biridir: “Hesab edirəm ki, bu cür tədbirin keçirilməsi olduqca əhəmiyyətlidir. Çünki köşə yazarları ictimai fikrin formalaşması, o cümlədən qlobal proseslərin xalqlara çatdırılmasında önəmli rola sahibdirlər. Əgər bu gün biz qlobal bəlalardan olan dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs ediriksə, o zaman təbii ki, köşə yazarlarının imkan və potensialından istifadə edilməlidir. Eyni zamanda, tədbirin gedişində köşə yazarlarının gələcəkdə bir birlik, yaxud ittifaq halında birləşməsinə dair səslənən təklifi də müsbət qiymətləndirirəm”.
Türk dövlətləri Macarıstan açılımı etməlidir
Müsahibimiz bu birliyin Macarıstan baxımından da vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Bu bizim seçimimizdir. Müvafiq qərar qəbul edilib. Lakin görəcək işlərimiz çoxdur. Macarıstanda sadə xalq türk dünyası ilə bağlı daha çox məlumat əldə etmək, TDT-yə daxil olan ölkələr haqqında daha çox informasiyalar eşitmək, bu dövlətlərin mədəniyyəti və tarixi haqqında daha çox bilmək istəyir. Bu da təbiidir. Çünki bir-birinə qonşu olan Orta Asiya türk ölkələri, o cümlədən Türkiyə və Azərbaycandan fərqli olaraq Macarıstan Qərb ölkəsidir. Avropanın mərkəzində yerləşir. Ona görə də Türkiyə və Azərbaycan başda olmaqla türk dövlətləri Macarıstan açılımı etməlidir. Çünki bu açılım təkcə Macarıstanda deyil, eyni zamanda Avropada da türk dünyası və TDT haqqında məlumatın yayılmasına kömək ola bilər”.
Qeyd edilib ki, bu cür tədbirlər də həmin istiqamətdə gələcəkdə atılacaq addımlar üçün təkan ola bilər: “Mən burada bəzi ölkələrdən olan yazarlarla tanışmaq imkanı əldə etdim və onlarla söhbətimizdə ortaq qənaətimiz bu oldu ki, inteqrasiyanın dərinləşməsi həm də media, köşə yazarları, informasiya istehsal edən qurumlar arasında birliyin formalaşmasından və güclənməsindən keçir”.
Gənc media təmsilçilərinin potensialından da istifadə edilməldir
O da bildirilib ki, TDT inteqrasiyanın dərinləməsini istəyirsə o zaman gənc media təmsilçilərinin potensialından da istifadə edilməldir: “Çünki gənclər bir baxımdan müasir kommunikasiyalara daha yaxından bələddirlər. Digər tərəfdən onlar bu gün türk dünyasını daha yaxından tanısalar bu gələcək əməkdaşlıqlarda işimizə yarayaq. Məhz bunu nəzərə alaraq biz bura Macarıstandan gələn nümyəndə heyətində gənc köşə yazarlarına daha çox üstünlük vermişik”.