Son yeniləmə: 16 May 2023 15:39
BAYRAQDAR MEDİA – Qırğızıstanda Çingiz Aytmatov adına “Rux-Ordo” mədəniyyət mərkəzində (İssık-Kul vilayəti) “İssık-Kul Beynəlxalq Turizm Sərgi-Yarmarkası”nın və 2023-cü il turizm mövsümünün açılışı olub. Açılış parlamentin sədri Nurlanbek Şakievin, Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev və digər rəsmi şəxslərin iştirakı ilə reallaşıb.
Veçernıy Bişkek xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmyerliləri, İssık-Kul vilayətinin sakinləri və fəxri qonaqlar qarşısında salamlama nitqi ilə çıxış edən nazir Daniyar Amangeldiyev qeyd edib ki, Qırğızıstan tarixi, təbiəti və unikal mədəniyyəti ilə turizmin inkişafı üçün böyük potensiala malik ölkədir: “Bildiyiniz kimi, turizm iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradır, işlə təmin edir, yerli sakinlərin həyat şəraitini yaxşılaşdırır. Ona görə də biz ölkənin imicinin yaxşılaşdırılması, turizmin davamlı inkişafı və infrastrukturunun yaxşılaşdırılması üçün bir çox aktiv addımlar atırıq”.
Nazir deyib ki, hazırda Qırğızıstanın turizm sektoru dinamik templə inkişaf edir və ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilir: “Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2022-ci ildə dünya turizmi pandemiya dövrü ilə müqayisədə 63% sağalıb və 2022-ci ildə Qırğızıstana uzaq və yaxın xarici ölkələrdən gələn vətəndaşların ümumi sayı 6 912 557 nəfər təşkil edib. Bu, son illərlə müqayisədə üç dəfə çoxdur. Turizm sektorunda əlverişli mühitin yaradılması üçün müvafiq dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik”.