Press "Enter" to skip to content

Almaniyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markaları çap olunub

Poçt markaları Nəsimi Ağayevə təqdim edilib

Son yeniləmə: 16 May 2023 15:36

BAYRAQDAR MEDİAÜmummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərpoçt” MMC-nin sifarişi əsasında Almaniyanın Federal Nəşriyyatı (Bundesdruckerei) tərəfindən poçt markaları çap olunub. Poçt markaları Federal Nəşriyyatın nümayəndələri tərəfindən Azərbaycanın Almaniyadakı səfirliyində səfir Nəsimi Ağayevə təqdim edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, N.Ağayev belə bir nəcib layihənin ərsəyə gətirilməsində göstərdiyi səylərə görə Federal Nəşriyyata minnətdarlığını bildirib.

Qeyd edilib ki, sözügedən markalar arasında say cəhətdən məhdud olan və hər biri nömrələnmiş bir markadan ibarət blok cəmi 2000 tirajla çap edilib: “Markanın tərtibatına xüsusi diqqət yetirilib. Belə ki, poçt blokunun üzərində Heydər Əliyevin fotosu və onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sitatı qızılı folqa ilə basma üsulunda çap olunub”.

Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq üzərində “QR-kod” yerləşdirilərək, 300 min tirajla poçt markası çap olunub və dövriyyəyə buraxılıb: “Ulu Öndər haqqında məlumatın əcnəbilər arasında geniş yayılması məqsədilə “QR-kod” vasitəsilə Heydər Əliyev haqqında https://president.az/ saytında ingilis dilində yerləşdirilmiş məlumata keçid verilib. Çap olunan digər markalar blok və kiçik vərəq şəklində hazırlanıb. Dizayn baxımından müasir üslubda tərtib olunan poçt markalarının üzərində Ümummilli Liderin müxtəlif dövrlərdə çəkilmiş fotolarından istifadə edilib. Layihə üzərində iki rəssam-dizayner – Nəriman Məmmədzadə və Orxan Qarayev çalışıb. Qeyd edək ki, 250 illik tarixə malik Federal Nəşriyyat Almaniyanın dövlət sifarişləri əsasında pasportlar, banknotlar, şəxsiyyət vəsiqələri və dövlət əhəmiyyətli digər vacib sənədlərin çapı ilə məşğuldur”.

Mission News Theme by Compete Themes.