Son yeniləmə: 15 May 2023 12:57
Elman Cəfərli: Anti-türk dairələrin niyyəti puça çıxdı
BAYRAQDAR MEDİA – “Son seçkilər Türkiyənin güclü demokratiya ənənəsi olan ölkə olduğunu sübut etdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.
Xatırladaq ki, Türkiyədə keçirilən cümhurbaşqanı və parlament seçkilərinin hazırki nəticələrinə görə, səsvermə ilə bağlı qutuların 99 faizi açılıb. Türkiyə Yüksək Seçim Kurulunun yaydığı məlumata görə, hazırkı vəziyyətdə Recep Tayyip Erdoğan 49,40 faiz, Kemal Kılıcdaroğlu 44,96 faiz, Sinan Oğan 5,2 faiz, Muharrem İnce isə 0,44 faiz səs alıb.
E.Cəfərlinin sözlərinə görə, Türkiyədə cümhurbaşqanı seçkisinin qalibi böyük ehtimalla ikinci turda bəlli olacaq: “Bu seçkinin ciddi rəqabət şəraitində keçəcəyi gözlənilirdi. Çünki Türkiyə dövlət olaraq keçid dövrünü yaşayır. Bu coğrafiyada yeni supergüc doğulmaqdadır. Bu prosesin əsası isə Erdoğan iqtidarı dönəmində qoyulub. Türkiyə sənayesinin, xüsusilə müdafiə sənayesinin qurulması və inkişafı tarix boyu Qərb dairələri tərəfindən əngəllənib. Heç bir Türkiyə lideri buna cəsarət etməyib. Bu yalnız R.T.Erdoğanın iradəsi ilə həyata keçirilib. Çünki hazırkı Cümhurbaşqanı R.T.Erdoğanın və komandasının apardığı, Türkiyəni qlobal gücə çevirməyi hədəfləyən siyasət bir sıra xarici daxili qüvvələri qane etmirdi. Erdoğan iqtidarına qarşı qara piar kampaniyası aparanlar onu ən çox avtoritar siyasət yeritməkdə, xarici siyasətdə ağırlığı Qərbə yox, Rusiyaya salmaqda, Quzey Atlantika blokundan uzaqlaşmaqda ittiham edirdilər. Lakin türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini puça çıxardı. 21 illik Erdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin etimadının göstəricisidir. Həmçinin, 2023-cü ildə 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş cümhurbaşqanı və parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi. R.T.Erdoğan bəzi Qərb dairələrinin iddia etdiyi kimi diktator olsaydı, nəticələr bu cür olmaz, seçkinin taleyi elə 1-ci turda həll olunardı”.
Bildirilib ki, əslində R.T.Erdoğanın İslam dünyasına və türk dünyasına yönəlik siyasəti Türkiyənin maraqları baxımından çox doğrudur: “AKP iqtidarının iqtisadi siyasəti gələcəyə, böyük Türkiyənin qurulmasına hesablanıb”
E.Cəfərli onu da deyib ki, Türkiyənin qonşu diktarura rejimlərindən, özəlliklə Suriyadan qaçmış müsəlman qaçqınlara qucaq açması daxildəki Erdoğan düşmənlərinin əlinə fürsət vermişdi: “Lakin hesab edirəm ki, ikinci turda türk seçicisi doğru qərar verəcək və Recep Tayyip Erdoğanın güclü Türkiyə siyasəti davam edəcək”.