BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana telefonla zəng edib.
Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, dövlət başçısı Türkiyədə keçirilən cümhurbaşqanı və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Cümhurbaşqanı Erdoğanı və Cümhur İttifaqını təbrik edib.
Prezident İlham Əliyev qeyd edib ki, Recep Tayyip Erdoğannın rəhbərliyi altında Türkiyə böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.
Məlumata əsasən, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.