Son yeniləmə: 15 May 2023 15:38
BAYRAQDAR MEDİA – Mayın 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bəxtiyar” tamaşası nümayiş olunub.
Tamaşada Bəxtiyar obrazını teatrın gənc və istedadlı solisti Emin Zeynallı, Saşa obrazını isə Nəzrin İsmayılzadə canlandırıb. Eləcə də tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Ofeliya Məmmədova, Fərid Rzayev, Adelin Öztürk, Murad Əliyev və başqaları iştirak ediblər.
Teatrın mətbuat katibi Fəridə Aslanova tamaşa haqqında BAYRAQDAR MEDİA-ya məlumat verdi: “Bildirim ki, görkəmli bəstəkarımız Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan tamaşa artıq 15-ci dəfə nümayiş olundu. Bu tamaşanın premyerası 6 may 2022-ci ildə olmuşdu. Tamaşa teatrımızın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Onu da qeyd edim ki, 2 iyun və 15 iyul tarixlərində tamaşanın növbəti nümayişi nəzərdə tutulur”.
Qeyd edək ki, tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Afət Tağıyevadır.