Son yeniləmə: 15 May 2023 14:54
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova erkən yaşda nikah, yeniyetmə hamilələrdə ağırlaşmalar, reproduktiv sağlamlıq, nikahdan əvvəl gənclərin reproduktiv sağlamlıq barədə bilməli olduqları vacib məsələlərdən danışıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 15-də SN-dən daxil olub.
Xəbərdə deyilir ki, “A.Məmmədova, bildirib ki, ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir. O, erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə bu praktikanın hələ də mövcud olduğunu deyib. Erkən nikahın nikahda olan fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərdiyini vurğulayan həkim-metodist bu halın ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərə yol açdığını bildirib”.
A.Məmmədova yeniyetmə hamilələrdə olan ağırlaşmalar, hamiləlik zamanı yeniyetmələrdə daha tez-tez qan təzyiqinin qalxması, qan azlığı, preeklampsiya dəqiq səbəbi məlum olmayan hamiləliyin 2-ci yarısında qan təzyiqinin qalxması və sidik ilə zülalın itirilməsinin müşayiət olunması haqda məlumat verib. O, bu vəziyyətin ağır hallarda ana və körpənin həyatı üçün təhlükə yaratdığını deyib.
Həkim-metodist nikahdan əvvəl gənclərin reproduktiv sağlamlıq barədə nəyi bilməli olduqları haqda da ÜST-nin bir neçə tövsiyəsini diqqətə çatdırıb. O bildirib ki, hamiləlik üçün optimal yaş 18-35, doğuşdan növbəti hamiləliyə qədər isə ən azı 2 il fasilə olmalıdır. Eləcə də A.Məmmədova qeyd edib ki, doğuşların sayı dörd və daha çox olduqda ana və uşağın sağlamlığı üçün risk artır. O, çox uşaq istəyənlərin göstərilən fasiləni gözləməli və daha ciddi həkim nəzarəti altında olmalarını deyib.