Press "Enter" to skip to content

Əməkdar artistin yubileyi qeyd edilib

Mehriban Abdullayeva

Son yeniləmə: 15 May 2023 11:01

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış aktrisa, Əməkdar artist Mehriban Abdullayevanın 60 illik yubileyi “İstədiyim kimi yaşamışam” adlı monotamaşanın nümayişi ilə qeyd olunub.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tamaşadan əvvəl truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək, aktrisanın zəngin yaradıcılıq fəaliyyətindən, 35 illik səhnə təcrübəsindən danışıb. Eyni zamanda, aktrisanın sənət dostları – Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktrisa Sevinc Əziz Mehriban Abdullayeva haqqında xatirələrini bölüşərək, ona səhnə uğurları arzulayıblar. Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və xüsusi hədiyyəsi, həmçinin Gənc Tamaşaçılar Teatrının Fəxri diplomu təqdim edilib”.

Daha sonra mərhum rejissor, Xalq artisti Ağakişi Kazımovun quruluşunda, Əməkdar artist Mehriban Abdullayevanın iştirakı ilə hazırlanan “İstədiyim kimi yaşamışam” adlı monotamaşa nümayiş olunub.

Qeyd edək ki, səhnə əsəri məşhur Amerika yazıçısı Frensis Skott Fitsceraldın həyat yoldaşı Zelda Fitsceraldın ağrılı həyatından bəhs edir. Psixoloji dispanserə düşənə qədər həyatını istədiyi kimi yaşayıb səhvlər buraxan, keçmişini xatırlayıb təəssüflənən Zelda Fitscerald əslində çox bədbəxt və talesiz qadındır.

Özünəməxsus aktyor oyunu ilə müşayiət olunan səhnə əsəri tamaşaçıların marağına səbəb olub.

Mission News Theme by Compete Themes.