Hüseyn Büyükfırat: Əminəm ki, seçkinin nəticəsi Türkiyə Cümhuriyyətinin və ümumilkdə türk dünyasının gələcəyi üçün uğurlu olacaq
BAYRAQDAR MEDİA – “Ölkənin hər yerində olduğu kimi zəlzələ bölgəsində də vətəndaşlar fəal şəkildə səsvermə prosesində iştirak edirlər. Mən Urfada və Adıyamanda apardığım müşahidələr nəticəsində bunu bildirirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda qardaş ölkədə olan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib.
O, qeyd edib ki, səhər erkən Urfada səsvermə hüququndan istifadə etdikdən sonra Adıyamana qayıdıb: “Hər iki yerdə rastlaşdığım mənzərə bundan ibarətdir ki, insanlar səhər erkəndən böyük maraq və istəklə seçki məntəqlərinə axın edirlər. Bildiyiniz kimi zəlzələ bölgəsində xüsusi seçki məntəqələri qurulub və çadır şəhərçiklərindən insanlar o məntəqələrə gəlib, prosesdə iştirak edirlər”.
H.Büyükfırat bildirib ki, zəlzələ bölgəsində insanların müvəqqəti olaraq məskunlaşdığı çadır şəhərçiklərindən seçki məntəqələrinə gedib səs verməsi üçün müvafiq qurumlar lazım olan bütün şəraiti yaradıblar: “Nəqliyyat problem yaşanmasın deyə insanları çadır şəhərçiklərindən məntəqələrə aparmaq, sonra da yaşadıqları yerə qaytarmaq üçün xüsusi avtobuslar ayrılıb. Həmçinin, avtobusla gedə biləməyən şəxslər üçün də özəl avtomobillər ayrılıb. Bundan başqa səsvermə günü başqa şəhər və rayonda olan zəlzələ bölgəsinin sakinləri gəlib öz ərazilərində səsvermədə işirak etmək istəyirlərsə onlara təyyarə bileti alınır, yaxud da avtomobillə gəlmək üçün pul verilir”.
H.Büyükfırat vurğulayıb ki, dövlət bu seçkilərdə öz səsvermə hüquqndan istifadə etmək üçün hər bir vətəndaşa bərabər şəkildə imkan yaradıb: “Eyni zamanda zəlzələ bölgəsinin sakinlərə xüsusi diqqət və qayğı göstərilir. Xalqımız yaradılmış imkandan məmnunluqla istifadə edir. Əminəm ki, seçkinin nəticəsi Türkiyə Cümhuriyyətinin və ümumilkdə türk dünyasının gələcəyi üçün uğurlu olacaq”