Azər Həsrət: Düşünürəm ki, qardaş Türkiyə üçün xeyirli-uğurlu nəticə olacaq
BAYRAQDAR MEDİA – Biz hazırda Türkiyədə, Mersinin Erdemli ilcesində seçkiləri müşahidə edirik. Tərəfdaşım bir fransalı xanımdır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri olaraq onunla birlikdə məntəqələrdə seçkinin gedişini izləyirik”.
Bunu BAYRAQDAR MEDİA-nın qurucu-baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət deyib.
O, qeyd edib ki, ümumilikdə Türkiyədə hazırda ATƏT-dən 210-dan artıq qısamüddətli müşahidəçi var: “Bu müşahidəçilər 105 qrup (hər qrupda iki nəfər olmaqla) halında ölkənin müxtəlif yerlərində seçkiləri müşahidə edirlər. Biz də, dediyim kimi, Mersinin Erdemli ilçesindəyik. Səhər erkən bir məntəqədə açılışda olduq. İndiyə kimi, yəni yerli vaxtla saat 14:00-a kimi isə artıq 6 məntəqədə prosesi izləmişik”.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında A.Həsrət ümumilikdə seçkilərdə yüksək seçici fəallığının müşahidə olunduğunu bildirib: “Müşahidələr zamanı ilk diqqətimizi çəkən o oldu ki, vətəndaşlar çox fəal şəkildə səsvermədə iştirak edirlər. Eyni zamanda, bu dəqiqəyə kimi xüsusi qeyri-adi, yaxud təhlükəli hadisə, o cümlədən hər hansı pozuculuq halı baş verməyib. Nə seçki məntəqələrində, nə də ümumilikdə şəhərin özündə hər hansı gərginlik müşahidə edilmir. Üstəlik də komissiya üzvləri müşahidəçiləri səmimi şəkildə qarşılayır, bütün suallara dolğun cavab verirlər. Ümumilikdə olduğumuz məntəqələrin fonunda deyə bilərəm ki, seçki çox normal və fəal bir şəkildə keçir. Hətta elə məntəqələr var ki, orada qeydiyyatda olan seçicilərin artıq 60-70 faizi səsvermədə iştirak edib. Düşünürəm ki, qardaş Türkiyə üçün xeyirli-uğurlu nəticə olacaq”.
A.Həsrət sonda, “əlbəttə, biz ümumi məsələlərlə bağlı şərh vermirik. Eyni zamanda da qiymətləndirmirik. Çünki ATƏT-in müvafiq sənədlərini imzalamışıq. Yəni, hər kəs təkbaşına qiymətləndirmə, yaxud şərh verə bilməz. Sadəcə olaraq, deyə bilərəm ki, ümumi mənzərə bundan ibarətdir ki, seçici fəallığı var. Əlavə də olaraq normal bir seçki keçirilir” deyə əlavə edib.