Qısa film, qısa hekayə, şeir və rəsm festivalı
BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı siyasi fəal Muctaba Nəcəfi 2023-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş maraqlı təşəbbüslə çıxış edib. Bu təşəbbüs çərçivəsində qısa film, qısa hekayə, şeir və rəsm festivalı keçirilməsi təklif edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 11-də Araz News-dan daxil olub.
Beləliklə, təşəbbüsə nə daxildir? Sırasıyla təqdim edirik:
-1989-cü ilin dekabr ayında Güneyli-Quzeyli azərbaycanlıların Araz çayına doğru sərhəd yürüşü sadəcə tarix kitablarında yazılaraq məhdudlaşdırılacaq bir hadisə deyildir. Məhz elə bu səbəblə də 31 Dekabr – Dünya Azәrbaycanlılarının Hәmrәyliyi Günü olaraq qeyd edilmişdir. Hər il bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bütövlük ruhunu nümayiş etdirmək üçün araya çəkilən tikanlı məftilləri yox sayaraq fərqli ölkələrdə bir araya gəlirlər.
-Həmrəylik gününün seçilməsi tarixi bir hadisədən qaynaqlanmış olsa da dünyadakı azərbaycanlıların həmrəylik anlayışı günümüzdəki hadisələrə də həssaslığını sərgiləməkdədir. Məsələn, 44 günlük vətən müharibəsi və ya Laçın-Xankəndi yolundakı ekofəalların aksiyaları Güney Azərbaycanın fərqli bölgələrində, eləcə də Rusiya, Avropa və dünyanın fərqli coğrafiyalarında yaşayan azərbaycanlılar tərəfindən bir bütün olaraq diqqətlə izlənib dəstəklənirdi.
-Dünya Azәrbaycanlılarının Hәmrәyliyi Gününün qısa film, qısa hekayə, şeir və rəsm festivalı şəklində keçirilməsi Azərbaycanın hər bir nöqtəsində baş verən hadisələrə həssasiyyət və diqqət ilə yanaşan azərbaycanlıların həmrəylik kültürünün təzahürünə imkan yaradacaqdır. Habelə, bu festival həmrəylik kültürünün daha da aktiv və həssas bir şəkildə gələcək nəsillərə ötürülməsi üçün bir arxiv rolu oynayacaqdır.
-Bu mövzuda söz sahibi olan dəyərli alimlərin, sənətçilərin və bu işlə bilavasitə məşğul olan dövlət orqanlarının bu təklifin əksik tərəflərini tamamlayaraq Dünya Azәrbaycanlılarının Hәmrәyliyi Gününü hər il bir festival kimi qeyd etməyə imkan yaratmasına ümid edirəm.