BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri davam edir.
Agentlikdən verilən məlumata görə, səfər çərçivəsində Türkiyə Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib.
Vəqflər Baş İdarəsinin müdiri Sinan Aksu qurum olaraq Azərbaycanla sıx əməkdaşlığa, birgə fəaliyyətə daim önəm verdiyini bildirib. O, Vəqflər Baş İdarəsi və Agentlik arasında işgüzar münasibətlərin daha da inkişafına ehtiyac olduğunu deyib.
Çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya sektorunun məsul əməkdaşı Əli Pənahov Azərbaycan və Türkiyənin dostluğundan, tarixi əlaqələrin inkişafından bəhs edib. O, bu qardaşlığın bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti ilə münasibətlərdə də daim ön planda olduğunu bildirib.
Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva səmimi görüş üçün təşəkkür edib, qurumlararası münasibətlərin daha da möhkəmlənməsi və birgə əməkdaşlıq üçün mexanizmin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Görüşdə iştirak edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və Vəqflər Baş İdarəsinin əməkdaşlarının da iştirakı ilə müzakirələr aparılıb.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib.
İşgüzar görüşün sonunda Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərinə töhfə verəcək və özündə müştərək fəaliyyəti, gələcək əməkdaşlığı, birgə layihələri əks etdirən “Anlaşma Memorandumu” imzalanıb.
Nümayəndə heyəti, həmçinin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla görüşüb.
Sonra Agentliyin nümayəndə heyəti Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbərinin müavini Evrən Başarın rəhbərlik etdiyi heyətlə görüşüb. Görüş zamanı iki ölkə arasında Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayan, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətləri ilə daha da inkişaf edib qardaşlığa çevrilən dostluq münasibətlərindən bəhs edilib.