BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada Xarıbülbül Musiqi Festivalı ilə bağlı məqalə yaradıb.
Məqalədə festivalın ilk keçirildiyi zamandan indiyədək olan məlumatlar yer alır. Eləcə də məqalədə festivalın tarixi, festival 1990–1991-ci illərdə, onun ləğv olunması və bərpası, festivalın 2021, 2022 illərdə yenidən keçirilməsindən bəhs olunur. Məqalədə həmçinin festivalın 2023-cü ildə təşkili Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinə tapşırıldığı haqqında da deyilir.
Məqalənin müəllifi Xəyalə Məmmədli BAYRAQDAR MEDİA-ya sözügedən məqaləni “Şuşa İli” çərçivəsində yaratdığını qeyd etdi: “”Şuşa İli” çərçivəsində Vikipediyada bir çox məqalələr yaratmışıq. Bu məqalə də onlar sırasına daxildir. Onu deyim ki, bu məqaləni xüsusi bir həvəslə sevərək yaratmışam”.
Bundan əlavə, məqalədə Xarıbülbül gülündən də bəhs edilir. Bildirilir ki, Azərbaycanda qədimdən Xarıbülbül adlanan bitki latınca “ophrys caucasica və ya ophrys mammosa” adlanır. Bu gül Azərbaycanın Şuşa və ətraf ərazilərində geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Sözügedən məqalədə həmçinin Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verildiyi haqda məlumat var.
Qeyd edək ki, festivaldan olan fotolara da məqalədə yer verilib.