Son yeniləmə: 10 May 2023 11:19
Emin Həsənli: Çünki Türkiyə Cümhuriyyətinin 50-ci ildönümündə məzun olublar
BAYRAQDAR MEDİA – Türkiyədə 1973-cü ildə ali hərbi məktəbləri bitirənlər bu günlərdə bir araya gəliblər. Məzuniyyətin 50-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə fəxri qonaq kimi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Qardaşlığımız əbədidir” QHT platformasının rəhbəri Emin Həsənli də iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya E.Həsənli məlumat verib.
O, bildirib ki, bu məzunlar özlərini xoşbəxt hesab edirlər: “Çünki onlar Türkiyə Cümhuriyyətinin 50-ci ildönümündə məzun olublar. Onlar yubiley münasibətilə Anıtkabirdə Türkiyə Cümhuriyyətinin qurucusu, Gazi Mustafa Kemal Atatürkün məzarını ziyarət etdilər. Onu da qeyd edim ki, həmin məzunların bir qismi Quzey Kıbrısın azadlığı uğrunda, Kıbrıs Barış Hərəkatında iştirak ediblər. Onlar arasında müxtəlif vaxtlarda Azərbaycanda hərbi attaşelikdə xidmət edənlər də, Türkiyə Silahlı Qüvvələrinin tərkibində qarşılıqlı səfərlərdə olanlar da, həmçinin, Türkiyə-Azərbaycan birgə təlimlərində iştirak edənlər də var. Bəziləri isə müxtəlif zamanlarda Türkiyə hərbi məktəblərində müxtəlif vəzifələrdə çalışıb, dərs deyiblər. Onlar təhsil alan azərbaycanlı gənclərlə görüşdüklərini və azərbaycanlı kursantların bacarıqlı olduqlarını xüsusi olaraq qeyd etdilər. Onlar söhbət zamanı Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini də bölüşdülər”.
E.Həsənlinin sözlərinə görə, həmin qazilər Vətən müharibəsindəki qələbəni xüsusi dəyərləndirirlər: “Onlar söhbət zamanı dedilər ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Türkiyənin Qurtuluş Savaşı və Kıbrıs Barış Hərəkatından sonra türk dünyasının ən böyük zəfəridir. Söhbət zamanı, iki qardaş ölkənin hərbiu yönümlü QHT-ləri arasında əməkdaşlıq da yüksək dəyərləndirildi. Onların 50 illik yubileyə məni dəvət etmələri də, bu əməkdaşlığa və Azərbaycana verdikləri dəstəkdən irəli gəlir”.