Press "Enter" to skip to content

Ləyaqət və Ruh!

Əkbər Qoşalı

BAYRAQDAR MEDİA – Mən bu yazını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərindən Azərbaycan xalqına müraciətinin işığında yazıram. Ölkə başçısı Ümummilli liderin 100 illik əlamətdar yubileyi ilə bağlı ürək sözlərini bölüşdü. Prezidentin özünün də vurğuladığı kimi, bu müraciət Bakıdan da edilə bilərdi, amma Müzəffər Ali Baş Komandan məhz Şuşadan müraciət etməyi üstün tutdu. Qürurluyuq! Dünya hərb tarixinə düşmüş unikal hərbi əməliyyatla azad edilmiş Mədəniyyət paytaxtımız əziz Şuşadan Dünya azərbaycanlılarına müraciət edən İlham Əliyev Qarabağın, Şuşanın qurtuluşunu Ümummilli liderin ən böyük arzusu, inamı, vəsiyyəti kimi xarakterizə etdi. Bəli, böyük ömrə, əlamətdar yubileyə ən gözəl töhfə üçrəngli, ay-ulduzlu müqəddəs bayrağın Şuşada dalğalanmasıdır! O bayraq Şuşadan sonrakı hədəflərimizi də göstərib, göstərir və göstərəcəkdir! Azərbaycan Respublikasının dərinliklərinədək irəliləmiş, “keçilməz” müdafiə xətləri qurmuş, sülh danışıqlarını baş qatmaqçün alətə çevirmiş və güclü havadarları ilə sinxron fəaliyyət göstərən qudurğan Ermənistanın işğalçı qoşunları darmadağın 44 gün içində edildi! 30 illik işğala, 30 illik möhkəmlənməyə, əlverişli coğrafi mövqelərə baxmayaraq cəmi 44 gün içində iti qovan kimi qovuldular! Üstəlik, 11 min fərariləri tarixə düşdülər! – Bax, budur, “qəhrəman”, “yenilməz” erməni ordusunun mif olduğunun parlaq sübutu! – “İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh”!

Şanlı ordumuz 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran dövlət sərhədini döyüş meydanında işğaldan azad etdi. 10 noyabrda imzalanmış atəşkəs bəyanatından sonra isə Ağdam, Kəlbəcər və Laçın 1 dekabr 2020-ci ilədək azad edildi və Ermənistan ərazisindən Azərbaycandan Naxçıvana birbaşa quru yolunun – Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə öhdəlik olaraq qoyuldu!

Respublikamız hər tərəfdən öz torpaqları ilə həmhüdud olmaqdan çıxacaq – buna inanırıq. Bütün bunlar düşünülmüş siyasətin təntənəsidir – Heydər Əliyevin adı ilə, o böyük şəxsiyyətin titanik səyləri, tarixi xidmətləri ilə sıx bağlı olan hadisələrdir. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan azad edilməsinin xalqa müjdəsini verərkən bu təsirli sözləri deyirdi: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları”! Prezident Ümummilli liderin 100 illik yubileyi ilə bağlı Şuşadan Xalqa müraciətində yaxın keçmişimizə, özəlliklə 30 il ərzində işğal altında qalmış torpaqlarımızın necə bir qəhrəmanlıqla, mənəviyyatla, ləyaqətlə azad edilməsinə vurğu etdi. 8 Noyabrda Şuşanın azad edilməsi barədə raportu qəbul etdikdən sonra Fəxri Xiyabanı ziyarətini xatırladan Prezident dedi: “Ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi! Məruzə edir: Ali Baş Komandan İlham Əliyev”. Müzəffər Ali Baş Komandan Şəhidlər Xiyabanını ziyarətini xatırladaraq dedi: “Ürəyimdə dedim ki, qanınız yerdə qalmadı!
…Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək”!

Bu sözləri tüklərimiz biz-biz olmadan dinləmək mümkün deyildi! Çox təsirlidir!

Azərbaycan Prezidenti Ümummilli liderin 100 illik yubileyi münasibəti ilə Xalqa müraciətini Şuşadan etdi. Xalqa daha başqa şəhərlərimizdən ediləcək necə və neçə müraciətləri, veriləcək müjdələri isə xəyal etmir, o möhtəşəm günlərə inanırıq!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Mission News Theme by Compete Themes.