BAYRAQDAR MEDİA – İctimai Televiziyanın təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşa, prezidentim, yaşa!” mahnısının yeni versiyası və klipi 24 ildən sonra yenidən çəkilib. Çəkilişlər Heydər Əliyev Mərkəzində aparılıb. Mayın 10-dan efir vasitəsilə geniş ictimaiyyətə təqdim edilən və sosial şəbəkələrdə yayılan mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqisi “Rast” qrupunun rəhbəri, Əməkdar artist Rəşad Haşımova məxsusdur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən daxil olub.
Xəbərdə deyilir ki, “vaxtilə Fikrət Qoca ölümlə üz-üzə qalanda Ulu öndər Heydər Əliyev ona köməklik etmiş, şairin təbirincə desək, ikinci həyat vermişdi. Heydər Əliyevin səhhətində problem yaranan zaman mərhum şair “Yaşa, prezidentim, yaşa” şeirini yazmaqla Ulu öndərə dayaq olmağa, dua etməyə çalışmışdı. Sonradan – 1999-cu ildə mərhum millət vəkili, ictimai xadim Anar Məmmədxanovun ideyası ilə “Yaşa, prezidentim, yaşa” mahnısı ərsəyə gəlmişdi. Ulu öndər sağlığında bu mahnıdan çox məmnun olduğunu bildirmişdi”.
Daha sonra qeyd edilir ki, “indi Ulu öndərin 100 illiyi münasibətilə İctimai TV-nin təşəbbüsü ilə “Yaşa, prezidentim, yaşa!” klipi yenidən və daha təkmil formada çəkilərək tamaşaçılara təqdim edilib. Mahnının ərsəyə gəlməsində “Rast” qrupunun rəhbəri, Əməkdar artist Rəşad Haşımov, Xalq artistləri Samir Cəfərov, Teyyub Aslanov, Əməkdar artistlər Lamiyə Haşımova, Xəyyam Nisanov, Fərid Əliyev, müğənnilər Zamiq Hüseynov, Mehin Hümbətova, Cəmilə Həşimova, Dilarə Kazımova iştirak edib”.