Son yeniləmə: 10 May 2023 11:37
BAYRAQDAR MEDİA – “Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşaya budəfəki səfərində Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı oldu. Cənab Prezident orada lövhə önündə bir şəkil çəkdirdi. Hesab edirəm ki, cənab Prezident o foto ilə “Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun və günkü strateji inkişafının təməl daşlarını qoyanlardan biri Ulu öndər Mustafa Kemal Atatürkdür” mesajını verdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, bu heç də təsadüfi deyil: “Bəlli olduğu kimi, Mustafa Kemal Atatürk hələ 1921-ci ildə Ankarada Azərbaycan səfirliyinin açılışında “Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir” deyə bəyan etmişdir. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev hakimiyyəti dönəmində bizlər üçün bir miras, vəsiyyət olan “Biz bir millət, iki dövlətik” şüarını səsləndirmişdir. Bu iki qiymətli şüar Mustafa Kemal Atatürkün və Heydər Əliyevin Türkiyə və Azərbaycan dövlətləri, həmçinin, iki qardaş xalq üçün müəyyən etmiş olduğu siyasi mirasdır. Bu gün də o siyasi mirası davam etdirən, onu daha da yüksəkliklərə daşıyan Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyevdir”.
Dr.Y.Karauz “Dolayısı ilə cənab Prezident İlham Əliyev Şuşada Atatürk küçəsinin önündəki fotosu ilə həm də bir həftə öncə Türkiyədə verdiyi mesajı – “Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sonsuz olduğu, həmçinin, atalarımızdan aldığımız bu mirasın daha da inkişaf etdirildiyi” mesajını bir daha vermiş oldu. Cənab Prezident İstanbulda TEKNOFEST-də həm də “Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” demişdir. Mən isə demək istəyirəm ki, o tək yumruğun içərisində siyasi, hərbi, iqtisadi, mədəni birlik var. Bir sözlə bu tək yumruğun içərisində qardaşlıq birliyi var. Cənab Prezident bu fotosu ilə eyni zamanda Şuşa Bəyannaməsi ruhunu bütün bölgəyə, dünyaya, Rusiyaya, ABŞ-a, qlobal aktorlara, Tehrana bir daha çatdırmış oldu” deyib.