BAYRAQDAR MEDİA – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 131-ci ildönümü münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 8-də MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “sərgidə MEK-in fondlarındakı görkəmli şairin seçilmiş əsərləri, eləcə də tədqiqatçıların onun haqqında yazdıqları “Sirr”, “Əhməd Cavad”, “Sən öylə şeirsənki, sevməyənlər anlamaz!”, “Əhməd Cavad və türk dünyası”, “Əsrin qiyamət çağı”, “Əhməd Cavad: məqalələr, xatirələr”, “Cümhuriyyət şairi”, “Əhməd Cavad: Əhməd Cavadın 120 illik yubileyi münasibətilə”, “Bir Kere Yükselen Bayrak. Ahmet Cevad’in Yaşamı ve Sanatı”, “Əhməd Cavadın yaradıcılıq yolu” və digər nəşrlər, dissertasiyalar, dövri mətbuatda çıxan yazıları təqdim edilib. Əsərlərdə Əhməd Cavadın qısa, məzmunlu həyat və yaradıcılığının təhlili, pedaqoji fəaliyyəti, xeyriyyə işlərində xidmətləri, tərcümə sahəsindəki nailiyyətləri öz əksini tapıb”.
Qeyd edək ki, sərgi iki həftə müddətində davam edəcək.