Press "Enter" to skip to content

Bu, çoxlu sayda ailələri sevindirəcək

Vüqar Bayramov

Son yeniləmə: 8 May 2023 15:35

Vüqar Bayramov: Bu Sərəncamın imzalanması bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının yanındadır

BAYRAQDAR MEDİA – “Yeni əfv sərəncamı növbəti humanizm nümunəsidir. Sərəncamın şamil olunduğu insanların sayı baxımından bu tarixi bir rekorddur”.

Bunu BAYRAQDAR MEDİA-ya Prezident İlham Əliyevin mayın 8-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, əvvəlki sərəncamla müqayisədə bu dəfə daha çox məhbus cəzasının qalan hissəsini çəkməkdən azad olunacaq: “Təbii ki, bu sərəncam çoxlu sayda ailələri sevindirəcək. Bu bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəfi humanizm, vətəndaşlarımızın hüquqlarının qorunması və onlara dövlət dəstəyinin artırılmasıdır. Eyni zamanda, digər mühüm məqamlardan biri məhz əfv sərəncamında hüquq müdafiə təşkilatlarının müraciətlərinin nəzərə alınması, bu müraciətlər əsasında 10 məhkumun da cəzadan azad edilməsidir. Bu da Azərbaycanın demokratik, humanist dəyərlərə üstünlük verdiyini bir daha nümayiş etdirir”.

V.Bayramov bildirib ki, bu sosial baxımdan da vacib sərəncamdır: “Çünki bu sənəd əfv olunmuş insanların yenidən işlə təmin olunması və ailələrinə dəstək olması baxımından da vacibdir. Bir sözlə, bu, bir sıra məqamlar baxımından kifayət qədər ciddi addımıdır. Bu Sərəncamın imzalanması bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının yanındadır”.

Mission News Theme by Compete Themes.