Son yeniləmə: 8 May 2023 11:51
BAYRAQDAR MEDİA – Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 19-21 may 2023-cü il tarixlərdə “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresini təşkil edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan məlumat verilib.
Bildirilib ki, “Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək”.
Məlumata əsasən, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin hər dəfə olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub: “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olan məşhur kardioloq Prof. Dr. Murat Tuzcu Konqresin fəxri qonağı olacaq. Həmçinin, əvvəlki illərdən fərqli olaraq Konqres çərçivəsində ilk dəfə metavers sessiya təşkil olunacaq”. Bundan başqa gənc mütəxəssislər üçün praktiki məşğələlər təşkil ediləcək.
Konqresin proqramına əsasən, mayın 19-da gənc ürək-damar cərrahları üçün mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək: Həmin gün həmçinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə “Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi” adlı dəyirmi masa təşkil olunacaq. 20-21 may tarixlərində isə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi olacaq”. Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.