BAYRAQDAR MEDİA – Kubanın paytaxtı Havana şəhərində Mədəni İrs və Dayanıqlı İnkişaf üzrə Birinci Beynəlxalq Konqres keçirilib. Tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildilir ki, “tədbirin ilk günü qonaqları qəbul edən Kuba prezidenti Migel Dias-Kanel Bermudes bu ölkənin mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən söhbət açaraq 2023-cü ildə “G77+Çin” Qrupuna üzv ölkələrin Kubanın sədrliyi dövründə həyata keçirilən ilk konqresə uğurlar arzulayıb. Konqres çərçivəsində BMT-nin “G77+Çin” Qrupuna üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib”.
“Dayanıqlı inkişaf naminə Mədəniyyət” mövzusunda keçirilən görüşdə Şərqlə Qərb arasında yerləşən Azərbaycanın zəngin tarixi-mədəni irsə sahib olduğu və bütün dünyada mədəniyyətlərarası dialoqu fəal təbliğ etdiyi diqqətə çatdırılıb. Çıxışda Azərbaycanın təşəbbüsü olan Bakı Prosesi və bu çərçivədə mütəmadi baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının qlobal platforma kimi əhəmiyyəti bir daha vurğulanıb.